Azərbaycanda mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısına asbest daxil ediləcək

Mətn Ölçüsü

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında “Mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısı haqqında” Qanuna dəyişiklik barədə qanun layihəsi müzakirə olunub.

PostNews xəbər verir ki, layihəyə əsasən, asbest və tərkibində asbest olan materiallar mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısına əlavə ediləcək.

Bildirilib ki, asbest uzun illər sənayenin müxtəlif sahələrində, o cümlədən sement, kimya, izolyasiya, kağız sənayesi və tikintidə geniş istifadə olunub. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə ölkəyə 591 ton asbest və 30 238 ton tərkibində asbest olan təbəqələr, 2024-cü ildə isə 1 045 ton asbest və 27 634 ton tərkibində asbest olan təbəqələr idxal edilib. Asbest tərkibli dam örtükləri ölkədə ümumi dam örtüyü fondunun 29 faizini, təxminən 190 milyon m² sahəni əhatə edir. Hazırda ölkədə dam örtüyü bazarının 15-20 faizi şiferin payına düşür.

Elmi araşdırmalar asbestin insan sağlamlığı üçün ciddi təhlükə yaratdığını göstərir. Liflərinin havaya qarışaraq nəfəs yollarına daxil olması müxtəlif xəstəliklərin, o cümlədən ağciyər xəstəliklərinin yaranma riskini artırır. Ümumdünya Səhiyyə Təşkilatı asbest və tərkibində asbest olan məhsulları kanserogen məhsullar kimi təsnifatlandırıb. Avropa İttifaqı 1999 və 2009-cu illərdə qəbul etdiyi direktivlərdə asbest və asbest məhsullarının istifadəsini qadağan edib, 1 yanvar 2005-ci ildən etibarən isə xrizotil asbestin yeni sahələrdə tətbiqi qadağan olunub.

BMT-nin Bazel Konvensiyası ilə asbest təhlükəli maddə kimi təsnifatlandırılıb, Rotterdam Konvensiyası isə ölkəmizdə 30 sentyabr 2025-ci il tarixli qanunla qüvvəyə minib və asbestin beynəlxalq ticarətinə müəyyən məhdudiyyətlər qoyur.

Qanun layihəsinə əsasən, beynəlxalq təcrübə nəzərə alınaraq asbest və tərkibində asbest olan materiallar mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısına daxil edilir. Layihə qəbul edildikdən sonra dəyişikliklər 2027-ci il iyulun 1-dən qüvvəyə minəcək.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti