ABŞ Dövlət katibi Marko Rubio və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtonda Tramp Beynəlxalq Sülh və Rifah Marşrutunun (TRIPP) icra çərçivəsinin açıqlanmasını elan etmək məqsədilə görüş keçiriblər.
PostNews-un ABŞ Dövlət Departamentinə istinadən verdiyi məlumata görə, qurum sənədin tam mətnini açıqlayıb. Bildirilib ki, bu sənəd Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi üçün 8 avqust 2025-ci ildə Ağ Evdə qəbul edilmiş öhdəliklərin yerinə yetirilməsi istiqamətində atılan son addım kimi qiymətləndirilir.
Açıqlamada qeyd olunur ki, icra çərçivəsi Ermənistan ərazisində maneəsiz və multimodal tranzit əlaqəsinin yaradılmasını hədəfləyən TRIPP layihəsinin fəaliyyətə başlaması üçün konkret yol xəritəsini müəyyən edir.
Vurğulanıb ki, Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən TRIPP, eyni zamanda Transxəzər Ticarət Marşrutunda mühüm bağlantı rolunu oynayır.
Sənəddə bildirilib ki, Prezident Donald Trampın ev sahibliyi etdiyi və 8 avqust 2025-ci il tarixində keçirilən tarixi Sülh Zirvəsində təsdiqlənmiş prinsipləri əks etdirən TRIPP icra çərçivəsi, layihənin ümumi uğuru üçün suverenlik, ərazi bütövlüyü və qarşılıqlılıq prinsiplərinin vacibliyini ön plana çıxarır.
Qeyd olunub ki, TRIPP-in əsas məqsədi regional ticarət və əlaqələri genişləndirmək, Mərkəzi Asiya və Xəzər dənizini Avropa ilə birləşdirən yeni tranzit imkanları yaratmaq, bununla da Ermənistan və Azərbaycanın rifahını və təhlükəsizliyini gücləndirmək, eyni zamanda Amerika ticarətinin daha da inkişafına töhfə verməkdir.

