Reklam
Reklam
Reklam

Azərbaycanın təbii qaz ixracının dəyəri 7,9 milyard dolları ötüb

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanın təbii qaz ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 6,9% artaraq 7 milyard 932 milyon ABŞ dollarını ötüb. İxracın fiziki həcmi isə cüzi yüksəlib.

PostNews xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan 20 milyard 648 milyon 829,71 min kubmetr təbii qaz ixrac edilib. İxracın statistik dəyəri 7 milyard 417 milyon 792,98 min ABŞ dolları təşkil edib.

2026-cı ilin eyni dövründə isə təbii qaz ixracının həcmi 20 milyard 654 milyon 403,42 min kubmetrə yüksəlib. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5 milyon 573,71 min kubmetr və ya təxminən 0,03% artım deməkdir.

Hesabat dövründə təbii qaz ixracının statistik dəyəri 514 milyon 291,71 min ABŞ dolları və ya 6,9% artıb.

Beləliklə, 2026-cı ilin ilk 10 ayında Azərbaycanın təbii qaz ixracının fiziki həcmi demək olar ki, dəyişmədiyi halda, ixracın dəyərində daha nəzərəçarpan artım qeydə alınıb.

Azərbaycanda neft və qaz hasilatının göstəriciləri

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda xam neft və təbii qaz hasilatının dəyəri 32 milyard 151,6 milyon manat təşkil edib.

Hesabat dövründə mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 36,1 milyard manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 1,3% azalma deməkdir.

Mədənçıxarma sənayesində xam neft və təbii qaz hasilatının dəyəri isə illik müqayisədə 2,9% azalıb.

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda əmtəəlik neft hasilatı 22,1 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 31,8 milyard kubmetr təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əmtəəlik neft hasilatı 3,7%, təbii qaz hasilatı isə 1,5% azalıb.

Paylaş: