Azərbaycanın meyvə-tərəvəz ixracında 2026-cı ilin ilk 10 ayında fərqli dinamika qeydə alınıb. Xarici bazarlara göndərilən məhsulların fiziki həcmi azalsa da, ixracın statistik dəyəri yüksəlib.
PostNews-un Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycandan 620 min 580,09 ton tərəvəz və meyvə ixrac edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 39 min 906,96 ton və ya 6% azdır.
Maraqlıdır ki, ixrac həcminin geriləməsi gəlirlərin azalması ilə müşayiət olunmayıb. Əksinə, hesabat dövründə tərəvəz və meyvə ixracının statistik dəyəri 751 milyon 603,66 min ABŞ dollarına yüksəlib.
Bu, 2025-ci ilin yanvar-oktyabr aylarında qeydə alınan 695 milyon 474,54 min dollarla müqayisədə 56 milyon 129,12 min dollar və ya 8,1% artım deməkdir.
İxracın dəyəri 750 milyon dolları ötüb
Rəqəmlər göstərir ki, cari ilin 10 ayında Azərbaycanın meyvə-tərəvəz ixracında həcm və dəyər göstəriciləri əks istiqamətdə dəyişib. Belə ki, 2025-ci ilin eyni dövründə xarici bazarlara 660 min 487,05 ton məhsul göndərildiyi halda, 2026-cı ildə bu göstərici 620,6 min tona qədər azalıb.
Bununla yanaşı, ixracın statistik dəyəri 695,5 milyon dollardan 751,6 milyon dollara yüksəlib.
Beləliklə, hesabat dövründə Azərbaycanın meyvə-tərəvəz ixracı həcm baxımından zəifləsə də, dəyər ifadəsində artım nümayiş etdirib.



