Azərbaycan şəkər ixracında ötən ilin göstəricilərini əhəmiyyətli dərəcədə üstələyib. 2026-cı ilin yanvar-oktyabr aylarında xarici bazarlara göndərilən şəkərin həcmi 198,2 min tona çatıb. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2,8 dəfə çoxdur.
PostNews-un Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk 10 ayında şəkər ixracının statistik dəyəri 124 milyon 137,02 min ABŞ dolları təşkil edib.
Müqayisə üçün qeyd edək ki, ötən ilin yanvar-oktyabr aylarında Azərbaycandan 71 min 723,03 ton şəkər ixrac edilmiş, bu satışların statistik dəyəri 51 milyon 362,88 min dollar olmuşdu.
Beləliklə, bir il ərzində ixrac həcminə 126 min 521,2 ton əlavə olunub. Faiz ifadəsində artım 176,4% təşkil edib.
Şəkər ixracından gəlir 72,8 milyon dollar artıb
İxracın dəyərindəki yüksəliş də diqqət çəkir. 2026-cı ilin 10 ayında şəkər ixracının statistik dəyəri əvvəlki ilin eyni dövrünə nisbətən 72 milyon 774,14 min dollar artıb. Bu isə 141,7%-lik yüksəliş deməkdir.
Nəticədə şəkər ixracının həm fiziki həcmi, həm də dəyəri üzrə müsbət dinamika formalaşıb. Bununla belə, həcm artımının faiz göstəricisi dəyər artımını üstələyib.



