Azərbaycan Mərkəzi Bankı bankların risk profilini daha dəqiq müəyyənləşdirmək və risk səviyyəsinə uyğun nəzarət tədbirləri görmək məqsədilə ARAS risk əsaslı nəzarət sisteminin tətbiqinə başlayıb. Eyni zamanda, nəzarətin effektivliyini artırmaq üçün SupTech həllərinin hazırlanması və tətbiqi istiqamətində işlərə start verilib.
PostNews xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankı sədrinin birinci müavini Əliyar Məmmədyarov Bakıda keçirilən X Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, “ağıllı tənzimləmə”nin effektiv tətbiqi bank nəzarətinin özünün dərin transformasiyasını tələb edir.
Ə.Məmmədyarov qeyd edib ki, ani ödənişlərin və məsafədən göstərilən rəqəmsal xidmətlərin geniş yayıldığı dövrdə ənənəvi nəzarət tədbirlərinin effektivliyi azalır.
“ARAS sistemi gələcəyə baxış yanaşmasına əsaslanır və bankların risk profilini daha dəqiq müəyyənləşdirməyə, habelə risk səviyyələrinə uyğun mütənasib nəzarət tədbirləri tətbiq etməyə imkan verir. Bununla yanaşı, Mərkəzi Bank nəzarət tədbirlərinin effektivliyini və çevikliyini artırmaq məqsədilə SupTech həllərinin formalaşdırılmasına və tətbiqinə başlayıb”, – deyə o bildirib.
ARAS və SupTech maliyyə nəzarətini gücləndirəcək
Mərkəzi Bank sədrinin birinci müavininin sözlərinə görə, rəqəmsal maliyyə xidmətlərinin əhatə dairəsinin genişləndiyi şəraitdə avtomatlaşdırılmış risk əsaslı nəzarət sistemi ölkədə maliyyə sabitliyinin təmin olunmasında mühüm rol oynayır.
O qeyd edib ki, bu sistem bank sektorunun gələcək çağırışlara hazırlıq səviyyəsinin artırılmasına da xidmət edir.
Ə.Məmmədyarov son illərdə tənzimləmə və nəzarət sahəsində həyata keçirilən ardıcıl tədbirlərin Azərbaycanın bank sektorunun beynəlxalq reytinqlərinin yaxşılaşmasına əhəmiyyətli töhfə verdiyini də vurğulayıb.
2027–2030-cu illər üçün yeni Dövlət Proqramı hazırlanır
Ə.Məmmədyarov bildirib ki, Mərkəzi Bank 2027–2030-cu illər üçün “Maliyyə sektorunun rəqəmsal transformasiyasının genişləndirilməsi üzrə Dövlət Proqramı” üzərində iş aparır.
Onun sözlərinə görə, proqramın əsas məqsədi Azərbaycanı regionun aparıcı rəqəmsal maliyyə mərkəzlərindən birinə çevirmək, innovativ maliyyə xidmətlərinin inkişafını dəstəkləmək və nağdsız ödənişləri genişləndirməkdir.
Beləliklə, Mərkəzi Bankın yeni nəzarət mexanizmləri və hazırlanmaqda olan Dövlət Proqramı bank sektorunda rəqəmsal transformasiyanın və risklərin idarə edilməsinin gücləndirilməsinə yönəlib.



