Reklam
Reklam
Reklam

Azərbaycan 2032-ci ildə Avropaya ilk yaşıl elektrik enerjisini tədarük etməyi planlaşdırır

Azərbaycan “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi çərçivəsində 2029-cu ildə yekun investisiya qərarının qəbulunu, 2032-ci ildə isə ilk elektrik enerjisi tədarükünə başlanmasını hədəfləyir.

PostNews xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsində paylaşım edib.

Nazir bildirib ki, Buxarestdə keçirilən “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” üzrə 13-cü Nazirlər İclası layihənin icrasının sürətləndirilməsi istiqamətində növbəti mühüm addım olub.

İclasda layihənin həyata keçirilməsi ilə bağlı bir sıra məsələlər müzakirə edilib və növbəti addımlar razılaşdırılıb.

Layihənin icrası üzrə növbəti addımlar razılaşdırılıb

Pərviz Şahbazovun sözlərinə görə, tərəflər PMI statusu üzrə əməkdaşlığın davam etdirilməsi, layihənin inkişaf etdirilməsinə məsul şirkətin seçilməsi, Qara dənizin dibinin tədqiqi və enerji tənzimləyicilərinin birgə fəaliyyəti ilə bağlı növbəti addımları razılaşdırıblar.

Nazir Türkiyənin layihəyə qoşulmasının strateji əhəmiyyətini də vurğulayıb və bu istiqamətdə Azərbaycanın dəstəyini ifadə etdiyini bildirib.

Şahbazov paylaşımında layihə üzrə əsas hədəfləri də açıqlayıb:

  • 2029-cu ildə yekun investisiya qərarının qəbul edilməsi;
  • 2032-ci ildə ilk elektrik enerjisi tədarükünə nail olunması.

Beləliklə, Azərbaycan “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi çərçivəsində 2032-ci ildə ilk elektrik enerjisi tədarükünə başlamağı qarşıya məqsəd qoyub.

Paylaş: