Prezident İlham Əliyevin təsdiq etdiyi 2026–2030-cu illər üzrə Dövlət Proqramı çərçivəsində cari il üçün nəzərdə tutulan subsidiyaların ödənilməsinə başlanıb. AKİA tərəfindən cari il ərzində 350 min fermerə ümumilikdə 254 milyon manat əkin subsidiyası ödənilib. Bunun 14 milyon manatı 2 min hektar sahədə salınan yeni intensiv bağlara görə verilən birdəfəlik bağ subsidiyası olub.
PostNews xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Yalçın Camalov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə keçirilən “İmkanlar və İnam: Dövlət–biznes əməkdaşlığı” forumunda çıxışı zamanı bildirib.
Qeyd edək ki, Prezident İlham Əliyevin 25 may 2026-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” təsdiq edilib.
Proqramdan irəli gələn tapşırıqlara əsasən, Kənd Təsərrüfatı Nazirliyi və tabeli qurumlar tərəfindən fəaliyyət planına uyğun olaraq müvafiq işlər icra olunur.
Kənd təsərrüfatı texnikası və damazlıq heyvandarlığa əlavə 54 milyon manat ayrılıb
Yalçın Camalov bildirib ki, Dövlət Proqramının icrası məqsədilə dövlət büdcəsindən kənd təsərrüfatı texnikası və avadanlıqlarının güzəştlə maliyyələşdirilməsi üçün 40 milyon manat, damazlıq cins heyvandarlıq üçün isə 14 milyon manat əlavə vəsait ayrılıb.
Hazırda bu istiqamətlər üzrə maliyyələşmə davam etdirilir.
AKİA sədri kənd təsərrüfatında subsidiya modelindən investisiyayönümlü dəstəyə mərhələli keçidin vacibliyini vurğulayıb.
“Subsidiyalaşdırmadan tədricən investisiyayönümlü dəstəyə keçid edirik. Əsas məsələ cari istehsal xərclərinin kompensasiyası ilə uzunmüddətli inkişafı təmin edən investisiyalar arasında düzgün balansın qurulmasıdır. Fermerlərin investisiya qərarının arxasında təkcə subsidiya deyil, biznesin iqtisadi məntiqi dayanmalıdır. Dövlət dəstəyi investisiyanın məqsədi yox, onun həyata keçirilməsini asanlaşdıran vasitə olmalıdır”, – deyə Yalçın Camalov bildirib.
350 min fermerə 254 milyon manat əkin subsidiyası ödənilib
AKİA tərəfindən cari il ərzində 350 min fermerə 254 milyon manat əkin subsidiyası ödənilib.
Bu məbləğin 14 milyon manatını 2 min hektar sahədə salınan yeni intensiv bağlara görə verilən birdəfəlik bağ subsidiyası təşkil edib.
Subsidiyaların ödənilməsi zamanı məhsuldarlıq, ünvanlılıq və nəticəyönümlülük prinsipləri əsas götürülür.



