“Kökümüzə Qayıdış” layihəsi çərçivəsində şəhid qızlarının iştirakı ilə Zəfər yürüşü təşkil olunub. Milli geyimdə, at üstündə keçirilən yürüşdə şəhid övladları ilə yanaşı, dövlət qurumlarının nümayəndələri, media təmsilçiləri və ictimai fəal xanımlar iştirak ediblər.
PostNews xəbər verir ki, yürüş Azərbaycan qadınının milli kimliyini, cəsarətini və tarixi köklərinə bağlılığını nümayiş etdirmək məqsədi daşıyıb.
Tədbirdə şəhid general Polad Həşimovun, şəhid mayor Asiman Əliyevin, şəhid baş gizir Camal İsmayılovun, şəhid polkovnik-leytenant Əkrəm Şadmanovun, şəhid kapitan Nəcəf Şikarovun və şəhid baş gizir Oktay Bədəlovun qızları iştirak ediblər.
Layihənin məqsədi şəhid qızlarına mənəvi dəstək göstərməkdir
Layihənin əsas məqsədi şəhid qızlarına mənəvi dəstək olmaq, onlara cəmiyyətin diqqət və qayğısını hiss etdirmək, milli irsi, adət-ənənələri və Azərbaycan xanımının tarixi obrazını yaşatmaqdır.
Milli geyimdə at üstündə canlandırılan Azərbaycan qadını obrazı yürüşün əsas ideyasını əks etdirib.
Layihənin rəhbəri, xalq qəhrəmanları Qaçaq Nəbi və Həcər xanımın kötücəsi Həcər Əkbərova təşəbbüsün şəhid qızlarına sevgi, diqqət və mənəvi güc verməklə yanaşı, milli kimliyə və tarixi köklərə bağlılığı ifadə etdiyini bildirib.
“Kökümüzə Qayıdış” milli dəyərlərin yaşadılmasına yönəlib
Təşkilatçıların təqdimatına görə, “Kökümüzə Qayıdış” yalnız yürüş deyil, həm də tarixə, milli dəyərlərə və Azərbaycan qadınının qəhrəmanlıq ənənəsinə diqqət çəkən təşəbbüsdür.
Layihə şəhidlərin yadigarı olan övladlara mənəvi dəstək göstərilməsi, milli ənənələrin qorunması və bu dəyərlərin gələcək nəsillərə ötürülməsini hədəfləyir.



