Reklam
Reklam
Reklam

Azərbaycan–İtaliya biznes forumunda 8 sənəd imzalanıb və mübadilə edilib

Bakıda keçirilən Azərbaycan–İtaliya biznes forumunda iqtisadi-ticarət əməkdaşlığı, investisiya imkanları və yeni tərəfdaşlıq istiqamətləri müzakirə olunub. Forum çərçivəsində kritik xammal, süni intellekt, sənaye, tikinti, ictimai nəqliyyat və digər sahələri əhatə edən sənədlər imzalanıb və mübadilə edilib. Tədbirdə hər iki ölkədən 200-dən çox şirkətin nümayəndəsi iştirak edib.

PostNews xəbər verir ki, biznes forum Azərbaycan İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi və İtaliya Ticarət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Tədbirdə rəsmi şəxslərlə yanaşı, energetika, tikinti və daşınmaz əmlak, rəqəmsal texnologiyalar və süni intellekt, əczaçılıq, nəqliyyat və logistika, kənd təsərrüfatı və qida sənayesi, turizm, maliyyə və ətraf mühitin mühafizəsi sahələrində fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak ediblər.

Mikayıl Cabbarov: Azərbaycan İtaliya şirkətləri ilə birgə layihələrdə maraqlıdır

Forumda çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan və İtaliya arasında iqtisadi tərəfdaşlığın inkişafı, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi üçün mövcud potensialı vurğulayıb.

Azərbaycanın əlverişli biznes və investisiya mühiti, strateji mövqeyi, sənaye və infrastruktur imkanları barədə məlumat verilib. İtaliya şirkətləri ilə birgə layihələrin həyata keçirilməsinin və biznes dairələri arasında birbaşa əlaqələrin gücləndirilməsinin əhəmiyyəti qeyd olunub.

Yüksək texnologiyalar, nəqliyyat-logistika və digər prioritet istiqamətlərdə əməkdaşlıq, birgə investisiya təşəbbüslərinin reallaşdırılması, istehsal və ixrac potensialının artırılması imkanlarına diqqət çəkilib.

İtaliyanın Baş nazirinin müavini və xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani isə çıxışında Azərbaycanın İtaliya üçün strateji və etibarlı tərəfdaş olduğunu bildirib.

O, iki ölkə arasında enerji sahəsində mövcud əlaqələri yüksək qiymətləndirərək, qarşılıqlı investisiyaların təşviqi, biznes dairələri arasında birbaşa əməkdaşlığın gücləndirilməsi və birgə müəssisələrin yaradılması üçün əlverişli şəraitin formalaşdırılmasının vacibliyini vurğulayıb.

Antonio Tayani Azərbaycanın Orta Dəhlizin inkişafında strateji roluna da diqqət çəkib. Həmçinin kritik xammal sahəsində üçüncü ölkələrdə birgə layihələrin həyata keçirilməsi və sənaye istehsalının rəqabətqabiliyyətliliyinin artırılması perspektivləri müzakirə olunub.

Forumda investisiya və sənaye əməkdaşlığı müzakirə edilib

Biznes forum çərçivəsində “Strateji və etibarlı tərəfdaşlar arasında iqtisadi əməkdaşlıq və investisiyaların yeni mərhələsi” mövzusunda plenar sessiya təşkil olunub.

Sessiyada Azərbaycan və İtaliya arasında qarşılıqlı investisiyaların və ticarət əlaqələrinin genişləndirilməsi, birgə müəssisələrin yaradılması və sənaye əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib.

İnvestisiya layihələrinin maliyyələşdirilməsi, İtaliya şirkətlərinin Azərbaycanda sənaye və infrastruktur layihələrində iştirakı, eləcə də birgə layihələrin regional və beynəlxalq bazarlara çıxış imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Sessiyada Azərbaycan İqtisadiyyat Nazirliyi, Ələt Azad İqtisadi Zonası, Azərbaycan Biznesinin İnkişafı Fondu, “AzerGold” QSC, Azərbaycan İnvestisiya Holdinqi və Azərbaycan Respublikası Dövlət Neft Fondunun nümayəndələri iştirak ediblər.

İtaliya tərəfini isə Müəssisələr və “Made in Italy” Nazirliyi, İtaliya Sənaye Konfederasiyası, “Cassa Depositi e Prestiti S.p.A.”, “SIMEST”, SACE və İtaliya Ticarət Palataları İttifaqının nümayəndələri təmsil ediblər.

Kritik xammal sahəsində əməkdaşlıq memorandumu imzalanıb

Forum çərçivəsində Azərbaycan və İtaliya arasında kritik xammal sahəsində üçüncü ölkələrlə birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Sənəd xammalın hasilatı, Avropa bazarlarına çıxarılması, logistika əlaqələrinin inkişafı və sənaye sahəsində birgə təşəbbüslərin reallaşdırılmasına töhfə verməyi nəzərdə tutur.

Bundan əlavə, aşağıdakı istiqamətləri əhatə edən yeddi sənəd mübadilə edilib:

  • Azərbaycan İqtisadiyyat Nazirliyi ilə “Leonardo S.p.A.” arasında yüksək məhsuldarlıqlı hesablama sistemləri və süni intellekt sahəsində əməkdaşlıq;
  • “Cassa Depositi e Prestiti S.p.A.” ilə Azərbaycan Biznesinin İnkişafı Fondu arasında biznes və investisiya əməkdaşlığının inkişafı;
  • “Baku Steel Company” QSC, “Dismas Trading S.r.l.” və “Edgar H. Greenham & Co. S.r.l.” arasında yerli sənaye məhsullarının ixracının təşviqi;
  • Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası ilə “FINCO” arasında tikinti və tikinti materialları sənayesində əməkdaşlığın genişləndirilməsi;
  • “IVECO” və “Azteximport” arasında ictimai nəqliyyat sektorunda əməkdaşlığın gücləndirilməsi;
  • “SIMEST S.p.A.” ilə İtaliya–Azərbaycan Ticarət Palatası arasında ticarət, investisiya və biznes əməkdaşlığının gücləndirilməsi;
  • “Nort West Construction” MMC ilə “FALORNI TECH S.R.L.” arasında Qaradağ Şüşə Zavodunun modernləşdirilməsi üzrə müqavilə.

Bununla yanaşı, Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi ilə İtaliya Ticarət Agentliyi arasında ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, investisiya layihələrinin təşviqinə dair Anlaşma Memorandumu imzalanıb.

Beləliklə, forum çərçivəsində kritik xammal üzrə bir memorandum və Agentliklər arasında əməkdaşlıq memorandumu imzalanıb, əlavə yeddi sənəd isə mübadilə edilib.

Paylaş: