Azərbaycan Biznesinin İnkişafı Fondu İtaliya şirkətlərinin ölkədə investisiya layihələrində iştirakını, birgə müəssisələrin yaradılmasını və müasir istehsal texnologiyalarının tətbiqini dəstəkləməyə hazırdır. Fondun idarəetməsində təxminən 1 milyard dollar həcmində aktiv var.
PostNews xəbər verir ki, bunu Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyətinin sədri Ülvi Mansurov Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda bildirib.
Onun sözlərinə görə, Azərbaycan və İtaliya arasında mövcud sıx əlaqələr investisiya əməkdaşlığının genişləndirilməsi və İtaliya şirkətlərinin Azərbaycandakı layihələrə cəlb olunması üçün geniş imkanlar yaradır.
“Birgə müəssisələrin yaradılmasını, istehsal müəssisələrinin qurulmasını və qabaqcıl texnologiyaların tətbiqini nəzərdə tutan innovativ və perspektivli təşəbbüsləri böyük maraqla qarşılayırıq”, – deyə Ü.Mansurov qeyd edib.
Fondun aktivləri 1 milyard dollara yaxındır
Ülvi Mansurov bildirib ki, idarəetməsində təxminən 1 milyard ABŞ dolları həcmində aktiv olan Azərbaycan Biznesinin İnkişafı Fondu özəl sektorun inkişafını və investisiya təşəbbüslərinin reallaşdırılmasını dəstəkləyən maliyyə institutudur.
Onun sözlərinə görə, Fond sahibkarlara kapital investisiyaları, güzəştli kreditlər, dövlət zəmanətləri və faiz subsidiyaları vasitəsilə maliyyə dəstəyi göstərir.
“Fondun əsas məqsədi özəl sektorun maliyyə resurslarına çıxışını asanlaşdırmaq, investisiya risklərini bölüşdürmək və özəl kapitalın cəlb edilməsini təşviq etməkdir”, – deyə İdarə Heyətinin sədri bildirib.
O qeyd edib ki, kapital investisiyaları mexanizmi çərçivəsində Fond layihələrin nizamnamə kapitalının 30%-dək hissəsinə investisiya yatırır və həmin layihələrdə minoritar səhmdar kimi iştirak edir.
Güzəştli kreditlər hansı istiqamətlərə verilir?
Ü.Mansurov güzəştli kreditlərin Fondun maliyyələşdirmə fəaliyyətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb.
Bildirilib ki, bu kreditlər aşağıdakı məqsədlər üçün təqdim olunur:
- Dövriyyə kapitalının maliyyələşdirilməsi;
- Kapital xərclərinin qarşılanması;
- Yaşıl təşəbbüslərin dəstəklənməsi;
- Strateji investisiya layihələrinin maliyyələşdirilməsi;
- İşğaldan azad edilmiş ərazilərdə layihələrin həyata keçirilməsi;
- Mikromaliyyələşdirmə.
Kreditlərin 90%-dək hissəsinə dövlət zəmanəti verilə bilər
Fondun İdarə Heyətinin sədri dövlət zəmanəti və faiz subsidiyası mexanizmlərinin sahibkarların maliyyələşmə imkanlarını genişləndirdiyini bildirib.
Onun sözlərinə görə, müvafiq proqramların tələblərinə cavab verən layihələr üzrə kredit məbləğinin 90%-dək hissəsinə dövlət zəmanəti verilə bilər. Eyni zamanda, kredit üzrə faiz dərəcəsinin yarısı üç ilədək müddətə subsidiya şəklində ödənilir.
Ü.Mansurov qeyd edib ki, bu imkanların tətbiqi layihənin yerləşdiyi ərazidən və müvafiq proqramın şərtlərindən asılıdır.
Azərbaycan İtaliyanın SACE və CDP qurumları ilə əməkdaşlıq edir
Ülvi Mansurov Fondun İtaliyanın SACE və CDP qurumları ilə əməkdaşlığına da toxunub.
O bildirib ki, bu tərəfdaşlıq hər iki ölkənin biznes dairələrinin təşəbbüslərinə hökumət səviyyəsində dəstək göstərilməsi üçün zəmin yaradır.
“İnanırıq ki, bu əməkdaşlıq İtaliya şirkətlərinin Azərbaycana investisiya yatırmaq marağını artıracaq və yerli investisiya layihələrinin həyata keçirilməsinə təkan verəcək”, – deyə Fondun İdarə Heyətinin sədri əlavə edib.



