Avropa İttifaqı və İndoneziya on il davam edən danışıqlardan sonra ticarət və investisiya sazişləri imzalayıb. Sazişlər çərçivəsində Aİ mallarına tətbiq olunan gömrük rüsumlarının 98,5%-nin aradan qaldırılması, Avropa İttifaqının İndoneziyaya ixracının isə 15 il ərzində təxminən 40% artması proqnozlaşdırılır.
PostNews xəbər verir ki, bu barədə Avropa Komissiyasının yaydığı press-relizdə bildirilib.
Məlumata görə, imzalanan sənədlər hər iki tərəfin biznes subyektləri üçün yeni imkanlar yaradacaq və iqtisadi əlaqələrin genişlənməsinə şərait formalaşdıracaq.
Aİ şirkətləri ildə 600 milyon avrodan çox qənaət edəcək
Proqnozlara əsasən, Avropa İttifaqının İndoneziyaya ixracı 15 il ərzində təxminən 40% artacaq. Bununla yanaşı, Avropa ixracatçıları gömrük rüsumlarının aradan qaldırılması nəticəsində ildə 600 milyon avrodan çox vəsaitə qənaət edə biləcəklər.
Sazişlərin xüsusilə maşınqayırma və avtomobil sənayesi sektorları üçün əhəmiyyətli imkanlar yaradacağı gözlənilir.
Elektromobil və əczaçılıq sahələrinə investisiyalar arta bilər
Avropa Komissiyasının məlumatına görə, sazişlər elektromobillər, elektronika və əczaçılıq da daxil olmaqla bir sıra sektorlarda İndoneziyaya yeni investisiya imkanları açacaq.
Sənədlərin qüvvəyə minməsi üçün Avropa Parlamenti sazişləri təsdiqləməli, İndoneziya isə daxili ratifikasiya prosedurlarını tamamlamalıdır. Təsdiq prosesləri başa çatacağı təqdirdə, sazişlərin gələn ilin əvvəlindən tətbiqinə başlanıla bilər.
Aİ ilə İndoneziya arasında ticarət dövriyyəsi 28,9 milyard avro olub
Qeyd edək ki, 2025-ci ildə Avropa İttifaqı ilə İndoneziya arasında ticarət dövriyyəsi 28,9 milyard avro təşkil edib.
Bu məbləğin 10,2 milyard avrosu Aİ-nin İndoneziyaya ixracının, 18,7 milyard avrosu isə İndoneziyadan idxalının payına düşüb.



