Reklam
Reklam
Reklam

AKİA sədri Yalçın Camalov: Aqrar kredit kooperativləri və onların ittifaqı yaradılacaq

AKİA dövlət dəstəyi ilə aqrar kredit kooperativlərinin və onların ittifaqının yaradılmasını pilot layihə kimi həyata keçirməyi planlaşdırır. Agentliyin sədri Yalçın Camalov bildirib ki, təşəbbüs kiçik və orta fermerlərin maliyyə resurslarına çıxış imkanlarının yaxşılaşdırılmasına yönəlib.

PostNews xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Yalçın Camalov Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə keçirilən “İmkanlar və İnam: Dövlət–biznes əməkdaşlığı” forumunda məlumat verib.

Forum çərçivəsində “İşəgötürənlərin gözləntiləri, dövlət dəstəyi və əməkdaşlıq imkanları” mövzusunda panel müzakirəsi təşkil olunub.

Aqrar kredit kooperativləri pilot layihə kimi yaradılacaq

Yalçın Camalovun sözlərinə görə, 2026–2030-cu illər üzrə kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində sahibkarlığın təşviqi istiqamətində yeni qərarlar qəbul edilib.

O bildirib ki, Aqrar Subsidiya Şurasının son qərarları ilə dövlət dəstəyi mexanizmləri də genişləndirilib.

AKİA sədrinin qeyd etdiyinə görə, agentliyin əsas hədəflərindən biri kiçik və orta fermerlərin, eləcə də kənd yerlərində fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına əlçatanlığını artırmaqdır.

“AKİA olaraq əsas məqsədlərimizdən biri kiçik və orta fermerlərin, eləcə də kənd yerlərində fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına əlçatanlığını yaxşılaşdırmaqdır. Bu məqsədlə pilot layihə olaraq dövlət dəstəyi ilə aqrar kredit kooperativlərinin və onların ittifaqının yaradılması da nəzərdə tutulur”, – Yalçın Camalov bildirib.

Aqrar sahibkarlıqda dəyər zəncirinin inkişafı hədəflənir

Agentlik sədri vurğulayıb ki, əsas məqsədlərdən biri dövlət dəstəyindən asılı olmadan, zamanla öz resursları hesabına inkişaf edə bilən rəqabətqabiliyyətli və dayanıqlı aqrar sahibkarlığın formalaşdırılmasıdır.

Onun sözlərinə görə, aqrar siyasətin əsas istiqamətlərindən biri istehsaldan emala, saxlanmadan satışa qədər bütün dəyər zəncirinin inkişaf etdirilməsidir.

Yalçın Camalov aqrar maliyyələşmənin məşğulluğa təsirindən danışarkən sektorda yalnız iş yerlərinin sayının artırılmasının deyil, daha məhsuldar və yüksək gəlirli məşğulluğun formalaşdırılmasının da vacibliyini qeyd edib.

O bildirib ki, müasir kənd təsərrüfatı texnikası və avadanlıqlarına tətbiq edilən güzəştlər məhsuldarlığın yüksəlməsini stimullaşdırır. Kiçik və orta fermerlərin dövlət dəstəyi hesabına təsərrüfatlarını genişləndirməsi və yeni təsərrüfatlar qurması isə logistika, texniki xidmət, saxlama, qablaşdırma və digər əlaqəli sahələrdə əlavə iş yerlərinin yaradılmasına şərait yaradır.

Fermerlərə texnika və suvarma sistemləri üzrə dəstək göstərilib

Qeyd edək ki, cari ildə AKİA fermerlərin ümumi dəyəri 304 milyon manat olan 10 mindən çox kənd təsərrüfatı texnikası və avadanlığı almasını maliyyələşdirib.

Bu məqsədlə 70 milyon manat kredit və lizinq vəsaiti, 100 milyon manatdan artıq güzəşt vəsaiti ayrılıb.

Bundan əlavə, 7 min hektar ərazidə quraşdırılan müasir suvarma sistemlərinə 13 milyon manatdan çox güzəşt tətbiq edilib.

Paylaş: