“İpək Yolu Sığorta” ASC-nin sığorta fəaliyyəti üzrə lisenziyası 24 sığorta növü üzrə icazələrin ləğv edilməsi yolu ilə məhdudlaşdırılıb. Şirkət bu qərarın könüllü müraciəti əsasında qəbul edildiyini və qüvvədə olan sığorta müqavilələri üzrə öhdəliklərini tam həcmdə yerinə yetirəcəyini açıqlayıb.
PostNews xəbər verir ki, şirkət uzunmüddətli strateji hədəfləri və gələcək inkişaf prioritetləri ilə əlaqədar sığorta fəaliyyəti üzrə lisenziyasının könüllü qaydada məhdudlaşdırılması üçün Azərbaycan Mərkəzi Bankına (AMB) müraciət edib.
Şirkətin yaydığı rəsmi məlumata görə, həmin müraciət əsasında AMB 11 noyabr 2026-cı il tarixində “İpək Yolu Sığorta” ASC-nin sığorta fəaliyyəti üzrə lisenziyasını məhdudlaşdırıb.
Bildirilib ki, qərar şirkətin fəaliyyət istiqamətlərinin yenidən qiymətləndirilməsi və optimallaşdırılması çərçivəsində qəbul edilib.
24 sığorta növü üzrə yeni müqavilələr bağlana bilməz
Qeyd edək ki, AMB-nin qərarına əsasən, “İpək Yolu Sığorta” ASC-nin lisenziyası 24 sığorta növü üzrə icazələrin ləğv edilməsi yolu ilə məhdudlaşdırılıb.
“Sığorta fəaliyyəti haqqında” Qanunun 105.3-cü maddəsinə əsasən, bu məhdudiyyət şirkətə müvafiq sığorta növləri üzrə yeni sığorta müqavilələri bağlamağı və qüvvədə olan müqavilələrin müddətini uzatmağı qadağan edir.
Şirkət mövcud müqavilələr üzrə öhdəliklərini yerinə yetirəcək
“İpək Yolu Sığorta” ASC qüvvədə olan sığorta müqavilələri üzrə üzərinə götürdüyü öhdəliklərin tam həcmdə icrasını təmin edəcəyini açıqlayıb.
Şirkətdən bildirilib ki, gələcəkdə sığorta fəaliyyəti istiqamətində dəyişiklik zərurəti yaranarsa, qanunvericiliyin tələblərinə uyğun olaraq Mərkəzi Banka müraciət ediləcək.
Məlumata görə, qarşıdakı dövrdə şirkətin strateji inkişaf prioritetlərinə uyğun həyata keçirilməsi nəzərdə tutulan tədbirlər və planlaşdırılan yeniliklər barədə əlavə məlumat təqdim olunacaq.



