Reklam
Reklam
Reklam

Azərbaycanda elektron dövlət satınalmaları üzrə 509,9 milyon manat qənaət edilib

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda təsdiqlənmiş elektron dövlət satınalmaları üzrə 509,9 milyon manat vəsaitə qənaət olunub. Ümumi qənaət göstəricisi 13,7 faiz təşkil edib.

PostNews xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, qənaət göstəricisi müsabiqələr üzrə təsdiq edilmiş qiymətlə ehtimal olunan qiymət arasındakı fərqin ehtimal olunan qiymətə nisbəti əsasında hesablanır.

Agentlik qeyd edib ki, əldə olunan nəticə dövlət satınalmalarının səmərəli təşkili, təchizatçılar arasında rəqabət imkanlarının genişləndirilməsi və daha əlverişli təkliflərin seçilməsi baxımından əhəmiyyət daşıyır.

Xatırladaq ki, 2026-cı ilin ilk səkkiz ayında elektron dövlət satınalmaları üzrə 453,7 milyon manat qənaət əldə olunub. Həmin dövrdə ümumi qənaət göstəricisi 14,4 faiz təşkil edib.

Elektron satınalmaların həcmi artıb

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Aparat rəhbərinin müavini Orxan Məmmədov ötən ay Bakıda keçirilən dövlət maliyyəsinin rəqəmsal transformasiyasına həsr olunmuş konfransda elektron satınalmaların inkişafı barədə danışıb.

O bildirib ki, 2026-cı ilin yanvar-iyul aylarında keçirilən elektron satınalmaların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz, məbləği isə 12,5 faiz artıb. Açılışı baş tutmuş müsabiqələrdə orta iştirakçı sayı 3,5 olub.

Orxan Məmmədovun sözlərinə görə, dövlət satınalmalarında əsas məqsədlərdən biri bütün iştirakçılar üçün bərabər imkanların yaradılması, rəqabətin təşviqi və büdcə vəsaitlərindən qənaətlə istifadə olunmasıdır. Bu istiqamətdə elektron satınalmaların vahid internet portalı olan “E-tender” platforması mütəmadi təkmilləşdirilir.

Elektron müqavilə sistemi ilə inteqrasiya aparılıb

Agentlik rəsmisi bildirib ki, Maliyyə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində elektron satınalma portalı ilə elektron müqavilə altsistemi arasında inteqrasiya həyata keçirilib. Bu, satınalma prosesinin müxtəlif mərhələlərində məlumat mübadiləsinin avtomatlaşdırılmasına imkan verir.

Onun sözlərinə görə, portalda şərtlər toplusu tam elektronlaşdırılıb və təchizatçılar təkliflərini elektron formatda təqdim edə bilirlər. Məlumatların maşın tərəfindən oxuna bilən formatda olması satınalma başa çatdıqdan sonra onların elektron müqavilə altsisteminə ötürülməsini təmin edir.

“E-tender” portalında süni intellekt tətbiq olunur

Orxan Məmmədov elektron satınalma portalında süni intellekt texnologiyasının tətbiqinə də başlanıldığını diqqətə çatdırıb.

“Hazırda süni intellekt satınalan təşkilatlara şərtlər toplusunun hazırlanması zamanı tövsiyələr verir və mümkün məhdudlaşdırıcı şərtləri müəyyənləşdirməyə kömək edir. Sistem mümkün nöqsanlarla bağlı xəbərdarlıq və təhlil hesabatı təqdim edir. Bununla da həmin nöqsanları nəzarət orqanının və ya komissiyanın qiymətləndirməsindən əvvəl aradan qaldırmaq imkanı yaranır. Qərarların qəbulu isə müvafiq nəzarət orqanları tərəfindən həyata keçirilir”, – deyə o bildirib.

Agentlik rəsmisi bu yanaşmanın mümkün problemlərin əvvəlcədən aşkarlanmasına və şikayətlərin sayının azaldılmasına kömək edə biləcəyini qeyd edib.

Şikayətlərin elektron ötürülməsi təmin edilib

Orxan Məmmədovun sözlərinə görə, elektron satınalma portalı vasitəsilə şikayətlərin nəzarət orqanına avtomatik ötürülməsi də təmin olunub. Bu mexanizm təchizatçılara müraciətlərinin vəziyyətini izləməyə və şikayətlərini müvafiq satınalma prosesi ilə əlaqələndirməyə imkan verir.

“Satınalma ilə bağlı şikayət qiymətləndirmə zamanı nəzərə alınır və qəbul edilən qərara təsir göstərə bilər. Şikayətlər əsasında əvvəllər verilmiş qərarların ləğv edildiyi hallar da olub. Buna görə sahibkarları qarşılaşdıqları problemləri bizimlə bölüşməyə çağırırıq”, – deyə O.Məmmədov vurğulayıb.

O, həmçinin portalda elektron imza imkanlarının genişləndirildiyini bildirib. Artıq “Asan İmza” və “SİMA Token”lə yanaşı, “SİMA İmza” vasitəsilə də sənədlərin imzalanması mümkündür. Bu yenilik sahibkarların platformadan istifadəsini asanlaşdırır və seçim imkanlarını artırır.

Paylaş: