Reklam
Reklam
Reklam

Şirinləşdirilmiş qazlı içkilərə hər litr üçün 10 qəpik aksiz vergisi təklif olunur

Azərbaycanda şirinləşdirilmiş mineral və qazlı içkilərin aksizli malların siyahısına daxil edilməsi təklif olunur. Dəyişiklik qəbul ediləcəyi təqdirdə, yerli istehsal olunan bu içkilərin hər litrinə görə 0,10 manat aksiz vergisi tətbiq ediləcək.

PostNews xəbər verir ki, bu məsələ Milli Məclisin plenar iclasında müzakirə olunan Vergi Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.

Təklif olunan dəyişiklik şirinləşdirilmiş mineral və qazlı içkilərin həm aksizli mallar, həm də aksiz markası ilə markalanmalı məhsullar siyahısına daxil edilməsini nəzərdə tutur.

Aksiz vergisinin tətbiqinin məqsədi nədir?

Qanun layihəsinin əsas məqsədlərindən biri ictimai sağlamlığın qorunması və istehlak davranışlarının tənzimlənməsidir.

Əsaslandırmada qeyd olunur ki, Ümumdünya Səhiyyə Təşkilatı şəkər tərkibli içkilərin istehlakının azaldılması məqsədilə üzv dövlətlərə bu məhsullara vergi tətbiq etməyi tövsiyə edir.

Belə vergilərin piylənmə, diabet və digər qeyri-infeksion xəstəliklərin yayılmasının qarşısının alınmasına töhfə verə biləcəyi bildirilir. Hər litrə 0,10 manat aksiz vergisinin tətbiqinin daha sağlam qida seçimlərini təşviq edəcəyi və uzunmüddətli səhiyyə xərclərinin azalmasına xidmət edəcəyi gözlənilir.

Aksiz markalanması dövriyyəyə nəzarəti gücləndirəcək

Təklif olunan dəyişikliklər çərçivəsində şirinləşdirilmiş mineral və qazlı içkilərin aksiz markası ilə markalanması da nəzərdə tutulur.

Bu mexanizmin məhsulların dövriyyəsinin izlənməsini asanlaşdıracağı, qeyri-qanuni istehsal və idxalın qarşısının alınmasına imkan verəcəyi qeyd olunur.

Dəyişikliyin yerli istehsalçılara da təsir göstərəcəyi gözlənilir. Belə ki, yeni vergi mexanizminin istehsalçıları daha sağlam alternativ məhsullar hazırlamağa yönəldəcəyi və bazarda keyfiyyət rəqabətini gücləndirəcəyi ehtimal olunur.

Aksiz vergisinin tətbiqi nəticəsində dövlət büdcəsinə əlavə vəsait daxilolmaları da gözlənilir. Bu vəsaitin səhiyyə və maarifləndirmə proqramlarının maliyyələşdirilməsinə yönəldilməsi mümkün hesab edilir.

Paylaş: