Özbəkistan Mərkəzi Bankının sədr müavini Abrorkhuja Turdalievin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankında işgüzar səfərdə olub. Görüşlərdə iki qurum arasında əməkdaşlığın genişləndirilməsi və müxtəlif istiqamətlər üzrə təcrübə mübadiləsi məsələləri müzakirə edilib.
PostNews xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.
Məlumata görə, səfər çərçivəsində AMB-nin müxtəlif struktur bölmələrinin iştirakı ilə təqdimatlar və görüşlər keçirilib. Tədbirlər zamanı maliyyə sektorunun ayrı-ayrı istiqamətləri üzrə təcrübə mübadiləsi aparılıb.
Nümayəndə heyəti, həmçinin AMB sədrinin müavini Gülər Paşayeva və baş direktor Rəşad Məmmədovla görüşüb. Görüşlərdə Azərbaycan və Özbəkistanın mərkəzi bankları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
AMB xarici maliyyə institutları ilə əməkdaşlığı genişləndirmək istəyir
Xatırladaq ki, AMB sədri Taleh Kazımov ötən ay keçirilən mətbuat konfransında qurumun xarici maliyyə institutlarının, o cümlədən bankların, eləcə də kapital bazarı və sığorta sektorunda fəaliyyətin genişlənməsinə açıq olduğunu bildirib.
Onun sözlərinə görə, xarici investorların Azərbaycanın maliyyə sektoruna marağını artırmaq məqsədilə beynəlxalq tədbirlərdə iştirak edilir və ölkənin maliyyə imkanları təqdim olunur.
“Biz xarici bank sektoru ilə yanaşı, kapital bazarlarına və sığorta sektoruna da çox açığıq. Mənim tez-tez xaricə getməyimin və müxtəlif konfranslarda çıxış etməyimin səbəblərindən biri də Azərbaycanın maliyyə sektorunu təbliğ etməkdir. Əksinə, ölkəmizin maliyyə sektorunu tanıtmaq lazımdır ki, marağı olanlar suallar versin və Azərbaycana gəlsin”, – deyə T.Kazımov bildirib.
Ödəniş sistemlərinin inteqrasiyası müzakirə olunur
AMB sədri Azərbaycanla digər ölkələr arasında ödəniş sistemlərinin inteqrasiyası və məlumat mübadiləsi məsələsinə də toxunub.
Taleh Kazımov müxtəlif ölkələrin mərkəzi banklarını vahid sistemdə birləşdirən beynəlxalq rəqəmsal platformanın hazırda mövcud olmadığını qeyd edib.
Onun sözlərinə görə, AMB bu istiqamətdə ayrı-ayrı ölkələrin mərkəzi bankları ilə ikitərəfli danışıqlar aparır və artıq bir-iki ölkə ilə daha detallı müzakirələrə başlayıb.



