Reklam
Reklam
Reklam

Bərbərxana və gözəllik salonlarına yeni vergi güzəştləri tətbiq ediləcək

Azərbaycanda bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər üçün yeni vergi güzəştlərinin tətbiqi təklif olunur. Dəyişikliklərə əsasən, POS-terminal vasitəsilə aparılan nağdsız ödənişlər üzrə dövriyyənin 50 faizi üç il müddətinə vergi tutulan ümumi dövriyyədən çıxılacaq. Müştərilərə isə nağdsız ödəniş məbləğinin 0,9 faizi geri qaytarılacaq.

PostNews xəbər verir ki, bu müddəalar Milli Məclisin plenar iclasında müzakirə olunan Vergi Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.

Təklif olunan dəyişikliklər həm bərbərxana, gözəllik salonu və kosmetoloji mərkəzlərdə fəaliyyət göstərən sahibkarların vergi öhdəliklərinə, həm də həmin xidmətlərdən istifadə edən istehlakçıların əldə edəcəyi güzəştlərə aiddir.

Sahibkarların dövriyyəsinin 50 faizi vergidən azad ediləcək

Dəyişikliklərə əsasən, 2027-ci il yanvarın 1-dən etibarən bərbərxana, gözəllik salonu və kosmetoloji mərkəzlərdə POS-terminal vasitəsilə aparılan nağdsız ödənişlər üzrə dövriyyənin 50 faizi üç il müddətinə sahibkarların vergi tutulan ümumi dövriyyəsindən çıxılacaq.

Bu güzəştin tətbiqi üçün ödənişlər nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə həyata keçirilməlidir.

Bundan başqa, ƏDV hesablanarkən həmin nağdsız ödənişlər üzrə dövriyyənin 50 faizinin vergi tutulan ümumi dövriyyədən çıxılması nəticəsində yaranan gəlirlər fiziki şəxslər üçün gəlir vergisindən, digər şəxslər üçün isə mənfəət vergisindən azad ediləcək.

Sahibkarlar sadələşdirilmiş vergi ödəyicisi ola biləcəklər

Təklif olunan dəyişikliklər bərbərxana, gözəllik salonu və kosmetoloji mərkəzlərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu da əhatə edir.

Belə ki, ardıcıl 12 aylıq dövrün istənilən ayında vergi tutulan əməliyyatlarının həcmi 200 min manatdan artıq olan və qeyd olunan sahələrdə fəaliyyət göstərən şəxslər 2027-ci il yanvarın 1-dən etibarən beş il müddətinə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ əldə edəcəklər.

Müştərilərə nağdsız ödənişə görə 0,9 faiz geri qaytarılacaq

Dəyişikliklər çərçivəsində istehlakçılar üçün də güzəştlər nəzərdə tutulur. Fiziki şəxslər bərbərxana, gözəllik salonu və kosmetoloji mərkəzlərdən aldıqları xidmətlərin dəyərini nağdsız qaydada ödədikdə, ödəniş məbləğinin 0,9 faizi onlara geri qaytarılacaq.

Eyni zamanda, həmin xidmətlərə görə ödənilmiş ƏDV-nin bir hissəsinin istehlakçılara qaytarılması mexanizmi tətbiq ediləcək. Təklifə əsasən, nağdsız qaydada ödənilmiş ƏDV-nin 17,5 faizi, nağd qaydada ödənilmiş ƏDV-nin isə 5 faizi geri qaytarılacaq.

Beləliklə, qanun layihəsi qəbul ediləcəyi təqdirdə, yeni mexanizmlər 2027-ci il yanvarın 1-dən etibarən sahibkarların vergi yükünün azaldılmasına və xidmət sektorunda nağdsız ödənişlərin stimullaşdırılmasına yönələcək.

Paylaş: