Reklam
Reklam
Reklam

Bakıda növbəti Gələcəyin Peşələri Sammiti keçirilib

Bakıda Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə “Gələcəyə tərəf” devizi altında Gələcəyin Peşələri Sammiti keçirilib. Tədbirdə əmək bazarının transformasiyası, süni intellektin peşələrə təsiri, gələcəyin bacarıqları və insan kapitalının inkişafı müzakirə olunub.

PostNews xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə keçirilən sammit dövlət və özəl sektorun, təhsil müəssisələrinin və vətəndaş cəmiyyətinin nümayəndələrini bir araya gətirib.

“Gələcəyə tərəf” devizi ilə təşkil olunan tədbir gələcəyin peşə və bacarıqlarına dair strateji istiqamətlərin müəyyənləşdirilməsi, əmək bazarının yeni çağırışlarının dəyərləndirilməsi, eləcə də qurumlar arasında əməkdaşlıq və təcrübə mübadiləsinin təşviqi məqsədi daşıyıb.

Süni intellekt əmək bazarının tələblərini dəyişdirir

Sammitin açılışında çıxış edən Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov texnoloji yeniliklərin, süni intellektin və rəqəmsallaşmanın əmək bazarına sürətlə inteqrasiya olunduğunu bildirib.

Onun sözlərinə görə, bu proses peşələrin məzmununu və işəgötürənlərin tələblərini dəyişdirir. Buna görə də yalnız mövcud dəyişikliklərə uyğunlaşmaq deyil, gələcək tendensiyaları əvvəlcədən müəyyənləşdirmək və onlara hazırlaşmaq da vacibdir.

Hasil Abbasov qeyd edib ki, texnologiyanın inkişafı insan amilinin rolunu azaltmır. Əksinə, insan potensialının texnoloji imkanlarla birləşdirilməsi gələcəyin əsas rəqabət üstünlüklərindən biridir.

Bu baxımdan insan kapitalına investisiya, ömürboyu öyrənmə, davamlı ixtisasartırma və təhsil proqramlarının əmək bazarının tələblərinə uyğunlaşdırılması xüsusi əhəmiyyət daşıyır.

Süni intellekt biliklərinin artırılması vacibdir

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov çıxışında süni intellekt dövründə insan kapitalının inkişafından danışıb.

O, süni intellektin gələcəyi ilə bağlı aparılmış tədqiqatlar barədə məlumat verərək əmək bazarı iştirakçılarının bu sahədə biliklərini artırmalarının vacibliyini vurğulayıb.

Ceyhun Salmanov Azərbaycanda süni intellekt ekosisteminin qurulması, bu texnologiyanın dövlət idarəçiliyində, iqtisadiyyatda və cəmiyyətdə tətbiqinin genişləndirilməsi istiqamətində işlərin aparıldığını bildirib.

Sammitdə iki panel müzakirəsi keçirilib

Tədbir çərçivəsində “Qlobal dəyişikliklərdən fərdi bacarıqlara” və “Dəyişiklikdən rəqabət üstünlüyünə” mövzularında iki panel müzakirəsi təşkil olunub.

Panellərdə yerli və xarici spikerlər qlobal əmək bazarının transformasiyası, təşkilatların gələcəyin insan kapitalını formalaşdırması, süni intellekt dövründə fərdi rəqabət üstünlüyünün əldə edilməsi, dəyişikliklərə liderlik və gələcəyə hazır təşkilatların qurulması barədə çıxış ediblər.

İştirakçıların sualları cavablandırılıb, əmək bazarının gələcək inkişaf istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Sammit çərçivəsində, həmçinin “Birlikdə qur, birlikdə yüksəl!” adlı vörkşop təşkil olunub.

Qeyd edək ki, Gələcəyin Peşələri Sammitinin Azərbaycanın regionlarında da keçirilməsi nəzərdə tutulur.

Paylaş: