Azərbaycanda baytarlıq şəhadətnaməsinin verilməsinə görə 10 manatlıq dövlət rüsumunun ləğvi, qoyun və donuz ətinə baytarlıq nişanının qoyulması üzrə rüsumun 4 manatdan 2 manata endirilməsi, ev heyvanları üçün baytarlıq pasportunun qiymətinin isə 20 manatdan 30 manata artırılması təklif olunur.
PostNews xəbər verir ki, bu dəyişikliklər Milli Məclisin noyabrın 17-də keçirilən plenar iclasında müzakirəyə çıxarılan bir sıra məcəllə və qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.
Təkliflər dövlət rüsumlarının tətbiqi və ödənilməsi mexanizmlərinin təkmilləşdirilməsini, vətəndaşlar və sahibkarlar üçün əlavə maliyyə və inzibati yükün azaldılmasını hədəfləyir.
Dövlət rüsumları üzrə güzəştlər vahid qanunda toplanacaq
Hazırda dövlət rüsumundan azadolma və güzəştlər əsasən “Dövlət rüsumu haqqında” Qanunla müəyyən edilsə də, bir sıra sahəvi qanunlarda da bu barədə müddəalar mövcuddur.
Qanun layihəsinə əsasən, dövlət rüsumundan azadolma və güzəştlərlə bağlı müddəaların yalnız “Dövlət rüsumu haqqında” Qanunda əks olunması nəzərdə tutulur. Bunun üçün digər qanunlarda yer alan müvafiq müddəaların çıxarılması, əvəzində isə həmin məsələlərin sözügedən qanunla tənzimlənməsinə dair göndərici normaların əlavə edilməsi planlaşdırılır.
Hazırda sahəvi qanunlarda nəzərdə tutulduğu halda “Dövlət rüsumu haqqında” Qanunda əksini tapmayan azadolmaların da bu qanuna daxil edilməsi təklif olunur.
Dəyişikliyin məqsədi bütün güzəştləri vahid hüquqi aktda cəmləşdirmək, vətəndaşların rüsumdan azad olunduqları halları daha asan müəyyən etməsinə imkan yaratmaq və dövlət rüsumu tutan qurumların elektron bildirişlərin hazırlanması zamanı üzləşdiyi çətinlikləri aradan qaldırmaqdır.
Artıq ödənilmiş rüsumlar elektron qaydada qaytarılacaq
Dövlət rüsumlarının qaytarılması mexanizminin də dəyişdirilməsi təklif olunur. Belə ki, düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun vətəndaşın müraciəti əsasında nağdsız formada, müvafiq dövlət qurumunun informasiya sistemi vasitəsilə geri qaytarılması nəzərdə tutulur.
Bu məqsədlə Maliyyə Nazirliyinin “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “e-rüsum” altsistemindən istifadə ediləcək.
Qanun layihəsinin əsaslandırılmasına görə, sistem artıq ödənilmiş və ya düzgün tutulmamış dövlət rüsumları ilə bağlı müraciətlərin qəbulunu və aidiyyəti üzrə araşdırılmasını nəzərdə tutsa da, vəsaitlərin geri qaytarılması mexanizmini tənzimləyən müddəalarda müvafiq dəyişiklik edilməyib. Yeni təklif həmin boşluğun aradan qaldırılmasına və geri ödənişlərin elektronlaşdırılmasına yönəlib.
Baytarlıq şəhadətnaməsinin verilməsi pulsuz olacaq
Heyvan mənşəli məhsulların maya dəyərinə və satış qiymətinə təsir edən xərclərin azaldılması məqsədilə baytarlıq şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumunun ləğvi təklif edilir.
Hazırda bu sənədin alınması üçün 10 manat dövlət rüsumu ödənilir. Şəhadətnamənin hər dəfə əldə edilməsi sahibkarlar üçün əlavə maliyyə yükü yaradır. Bu xərclər isə heyvan mənşəli məhsulların maya dəyərinə və nəticədə satış qiymətlərinə təsir göstərir.
Dəyişiklik qəbul edilərsə, sahibkarlar baytarlıq şəhadətnaməsinin alınmasına görə dövlət rüsumu ödəməyəcəklər.
Qoyun və donuz ətinə baytarlıq nişanının qoyulması 2 dəfə ucuzlaşacaq
Digər təklif qoyun və donuz ətinin bir cəmdəyinə baytarlıq nişanının qoyulmasına görə dövlət rüsumunun azaldılması ilə bağlıdır.
Hazırda qoyun və donuz ətinin bir cəmdəyi, eləcə də donuz piyinin bir partiyası üzrə baytarlıq normalarına uyğunluğu təsdiq edən ekspertiza aktının verilməsi və ya məhsula nişan qoyulması üçün 4 manat dövlət rüsumu müəyyən edilib.
Müqayisə üçün qeyd olunur ki, qaramal və digər iri heyvanların bir cəmdəyi üzrə müvafiq rüsum 5 manatdır. Layihənin əsaslandırılmasında çəkisi daha az olan və daha çox kəsimə təqdim edilən qoyun cəmdəyinə görə 4 manat rüsumun yüksək olduğu bildirilir.
Təklifə əsasən, müvafiq xidmət üzrə dövlət rüsumunun 4 manatdan 2 manata endirilməsi nəzərdə tutulur. Beləliklə, ödəniş 50 faiz azalacaq.
Layihənin əsaslandırılmasında mövcud rüsumun sahibkarlar üçün əlavə maliyyə yükü yaratdığı və məhsulun maya dəyərinə təsir etdiyi qeyd olunur. Həmçinin yüksək rüsumun bəzi hallarda qanunsuz heyvan kəsimi fəaliyyətini təşviq edən amillərdən biri ola biləcəyi vurğulanır.
Baytarlıq pasportunun qiyməti 20 manatdan 30 manata qaldırılacaq
Digər tərəfdən, ev heyvanları üçün baytarlıq pasportunun verilməsinə görə dövlət rüsumunun artırılması təklif edilir.
Hazırda bu xidmətin qiyməti 20 manatdır. Qanun layihəsinə əsasən, rüsumun 30 manata çatdırılması nəzərdə tutulur. Bu, 10 manat və ya 50 faiz artım deməkdir.
Dəyişikliyin əsaslandırılması kimi baytarlıq pasportunun hazırlanmasına sərf olunan maliyyə resurslarının və digər xərclərin artması göstərilir.
Məlumata görə, 2024-cü ildə 2 073, 2025-ci ildə isə 2 114 müraciət əsasında baytarlıq pasportu təqdim edilib. Beləliklə, bir il ərzində müraciətlərin sayı 41 vahid artıb.
Baytarlıq pasportu ev heyvanlarının xarici ölkələrə aparılması zamanı tələb olunan sənədlərdən biridir. Təklif olunan artımın pasportun verilməsi ilə bağlı xərclərin qarşılanmasına yönəldiyi bildirilir.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq Milli Məclisdə birinci oxunuşda qəbul edilib.



