2027-ci ildə Azərbaycanın dövlət büdcəsinin xərcləri 42 milyard 400 milyon manat proqnozlaşdırılır. Bu, 2026-cı ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 696,4 milyon manat və ya 1,7 faiz çoxdur. Növbəti il müdafiə və milli təhlükəsizlik xərclərinə 8,8 milyard manat ayrılması nəzərdə tutulur.
PostNews xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı bildirib.
Nazirin sözlərinə görə, 2027-ci ildə dövlət büdcəsi xərclərinin 26,4 milyard manatı və ya 62,3 faizi cari xərclərə, 13,8 milyard manatı və ya 32,5 faizi əsaslı xərclərə, 2,2 milyard manatı və ya 5,2 faizi isə dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcək.
Müdafiə və milli təhlükəsizliyə 8,8 milyard manat ayrılacaq
Sahil Babayev bildirib ki, 2027-ci ildə müdafiə və milli təhlükəsizlik xərcləri üçün dövlət büdcəsinin ümumi xərclərinin 20,8 faizi həcmində vəsait nəzərdə tutulur.
Bu istiqamətə ayrılması planlaşdırılan vəsait 8,8 milyard manat təşkil edir. Bu, 2025-ci ilin icra göstəricisi ilə müqayisədə 748 milyon manat və ya 9,3 faiz çoxdur.
Maliyyə naziri işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin davam etdirilməsinin də dövlətin əsas prioritetlərindən biri olduğunu vurğulayıb.
“Dövlətimizin ən önəmli prioritetlərindən biri kimi işğaldan azad edilmiş ərazilərimizdə quruculuq işlərinin davam etdirilməsi üçün maliyyə təminatı tam şəkildə nəzərdə tutulub”, – deyə Sahil Babayev qeyd edib.
Dövlət büdcəsinin gəlirləri 39,3 milyard manat proqnozlaşdırılır
2027-ci ildə dövlət büdcəsinin gəlirlərinin 39 milyard 254 milyon manat olacağı gözlənilir. Bunun 38 milyard 518,425 milyon manatı mərkəzləşdirilmiş gəlirlərin, 735,575 milyon manatı isə yerli gəlirlərin payına düşəcək.
Dövlət büdcəsinin xərclərinin 41 milyard 664,425 milyon manatı mərkəzləşdirilmiş, 735,575 milyon manatı isə yerli xərclər üzrə proqnozlaşdırılır.
Beləliklə, 2027-ci ildə dövlət büdcəsində 3 milyard 146 milyon manat kəsir yaranacağı gözlənilir.
İcmal büdcənin kəsiri 28,7 faiz azalacaq
2027-ci ildə Azərbaycanın icmal büdcəsinin gəlirlərinin 47 milyard 619,2 milyon manat, xərclərinin isə 50 milyard 377,1 milyon manat olacağı proqnozlaşdırılır.
Bu göstəricilər 2026-cı ilin təsdiq edilmiş proqnozları ilə müqayisədə müvafiq olaraq 5,9 faiz və 3,1 faiz çoxdur.
Nəticədə, icmal büdcədə 2 milyard 757,9 milyon manat kəsir yaranacağı gözlənilir. Bu isə əvvəlki illə müqayisədə 28,7 faiz azdır.



