Türkiyəli aktrisa Meryem Uzerli ilk dəfə Bakıya səfər edərək baş rolunu ifa etdiyi “İmroz’da Bahar” filminin qala gecəsində iştirak edib. CineMastercard kinoteatrlar şəbəkəsində keçirilən təqdimata böyük maraq göstərilib və biletlər qısa müddətdə tamamilə satılıb.
PostNews xəbər verir ki, noyabrın 5-də keçirilən tədbirdə filmin baş rol ifaçısı Meryem Uzerli tamaşaçılarla görüşüb.
Aktrisa Bakıda böyük sevgi və səmimi qonaqpərvərliklə qarşılanıb. Çoxsaylı pərəstişkarları onunla görüşmək üçün təqdimat mərasiminə qatılıblar. Qala gecəsi Meryem Uzerliyə Azərbaycan tamaşaçıları ilə bir araya gəlmək, izləyicilərə isə sevimli aktrisaları ilə görüşmək imkanı yaradıb.
Tədbirdə nümayiş etdirilən diqqət və səmimi münasibət aktrisada xoş təəssüratlar yaradıb.
Meryem Uzerli Heydər Əliyev Mərkəzini ziyarət edib
Bakıda səfəri çərçivəsində Meryem Uzerli Heydər Əliyev Mərkəzində də olub. Aktrisa mərkəzin memarlığı və ekspozisiyası ilə tanış olub. Ziyarət onun səfəri zamanı müsbət təəssürat yaradan məqamlardan biri olub.
Halit Ergenç və Meryem Uzerli 15 ildən sonra yenidən eyni filmdə
“İmroz’da Bahar” filminə marağın əsas səbəblərindən biri də Halit Ergenç və Meryem Uzerlinin 15 ildən sonra yenidən eyni kino layihəsində tərəf müqabili olmasıdır.
“Muhteşem Yüzyıl” serialı ilə geniş tamaşaçı auditoriyasının rəğbətini qazanan aktyorlar bu dəfə böyük ekran layihəsində bir araya gəliblər.
Filmin rejissoru və ssenari müəllifi beynəlxalq kinofestivallarda tanınan işləri ilə seçilən türkiyəli kinorejissor Özcan Alperdir. Layihənin istehsalı Sky Films şirkətinə məxsusdur. Filmin prodüseri Emre Oskaydır.
“İmroz’da Bahar” filminin mövzusu
Film uzun müddətdir yaradıcılıq böhranı yaşayan yazıçı Arifin hekayəsindən bəhs edir. Redaktorunun məsləhəti ilə Arif bir aylıq istirahət və ilham axtarışı üçün Gökçeada adasına yollanır.
Burada o, üç il əvvəl həyat yoldaşını və oğlunu itirmiş, tənha həyat sürən Sonya ilə tanış olur. Keçmişin ağrıları ilə mübarizə aparan bu iki insan arasında zamanla gözlənilməz yaxınlıq yaranır.
Adanın sakit atmosferində bir-birinin həyatına toxunan Arif və Sonya itkiləri ilə üzləşərkən yenidən sevməyin və həyata bağlanmağın mümkün olub-olmadığını kəşf etməyə başlayırlar.
Filmdə baş rolları Halit Ergenç və Meryem Uzerli canlandırıblar.
“İmroz’da Bahar” filmi noyabrın 5-dən etibarən Cinema Distribution şirkətinin dəstəyi ilə Azərbaycanda eksklüziv olaraq CineMastercard kinoteatrlar şəbəkəsində nümayiş etdirilir. Film Bakı, Sumqayıt və Gəncə şəhərlərindəki kinoteatrlarda tamaşaçılara təqdim olunur.



