Azərbaycanda sekyuritizasiya fəaliyyətinin hüquqi çərçivəsi yaradılır. Yeni mexanizm çərçivəsində kreditorlar aktivlərindən gələcək pul vəsaitlərini vaxtından əvvəl əldə edə, sekyuritizasiya şirkətləri isə həmin aktivlər əsasında istiqrazlar buraxa biləcəklər. Milli Məclis bununla bağlı qanun layihəsini üçüncü oxunuşda qəbul edib.
PostNews xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan “Qiymətli kağızlar bazarı haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.
Layihə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq hazırlanıb. Sənəd tərtib edilərkən beynəlxalq təcrübə, xarici ölkələrin analoji qanunvericiliyi və Azərbaycanın kapital bazarlarının xüsusiyyətləri nəzərə alınıb.
Sekyuritizasiya nədir və necə işləyəcək?
Sekyuritizasiya kreditorlara sahib olduqları aktivlərdən gələcəkdə daxil olacaq pul vəsaitlərini vaxtından əvvəl əldə etməyə imkan verən maliyyə alətidir.
Bu mexanizmə əsasən, kreditor gələcək pul daxilolmalarını dərhal əldə etmək məqsədilə aktivlərini müəyyən güzəştlə sekyuritizasiya şirkətinə satır. Şirkət isə satın aldığı aktivlər əsasında sekyuritizasiya olunmuş istiqrazlar emissiya edir. Həmin istiqrazlar üzrə ödənişlər aktivlərdən daxil olan pul vəsaitləri hesabına həyata keçirilir.
Beləliklə, gələcəkdə daxil olması gözlənilən pul vəsaitləri qiymətli kağızlar vasitəsilə investisiya alətinə çevrilir.
Sekyuritizasiya şirkətləri və xidmət agentləri üçün tələblər müəyyən edilir
Qanun layihəsi Azərbaycanda sekyuritizasiya fəaliyyətinin əsaslarını, sekyuritizasiya şirkətinə və xidmət agentinə dair tələbləri müəyyən edir.
Sənəddə sekyuritizasiya prosesinin iştirakçılarının, o cümlədən aktivlərin satıcısının (ilkin kreditor) və istiqrazları emissiya edən sekyuritizasiya şirkətinin səlahiyyət və funksiyaları, eləcə də prosesin tətbiqi mexanizmləri tənzimlənir.
Hər bir sekyuritizasiya prosesinin Azərbaycan Mərkəzi Bankı tərəfindən təsdiq edilmiş sekyuritizasiya planı əsasında həyata keçirilməsi nəzərdə tutulur. Aktivlərin satışı ilkin kreditorla sekyuritizasiya şirkəti arasında bağlanan alqı-satqı müqaviləsi əsasında aparılacaq.
Sekyuritizasiya planında aşağıdakı məlumatlar əks olunmalıdır:
- prosesin iştirakçıları və sekyuritizasiyanın predmeti olan aktivlər;
- mövcud risklər və onların azaldılması üsulları;
- aktivlərin qanunvericiliyin tələblərinə uyğunluğunu təsdiqləyən kənar auditor rəyi.
Mərkəzi Bank planı təsdiq etdikdən sonra sekyuritizasiya şirkəti 60 iş günü ərzində istiqrazların buraxılışının dövlət qeydiyyatına alınması üçün quruma müraciət etməlidir.
İnvestorların risklərini azaltmaq üçün hansı mexanizmlər tətbiq olunacaq?
Layihədə sekyuritizasiya prosesində yarana biləcək risklərin azaldılması məqsədilə bir sıra tələblər nəzərdə tutulub.
Belə ki, sekyuritizasiya şirkətinə satılan aktivlərin kredit riski həmin aktivlərin satıcısının balansında qalan eyni növlü aktivlərin kredit riskindən artıq olmamalıdır.
Bundan başqa, aktivlərin satıcısı sekyuritizasiya şirkətinə satdığı aktivlər əsasında buraxılan istiqrazların azı 5%-ni özü əldə etməli və həmin qiymətli kağızları tədavül müddətinin sonunadək saxlamalıdır.
Qanun layihəsində aktivlər üzrə pul tələblərinin öhdəliklərin icrasının təminat üsulları ilə təmin olunması, eləcə də istiqrazların fərqli kredit risklərinə malik bir neçə buraxılış şəklində emissiyası kimi mexanizmlər də əksini tapıb.
Yeni mexanizm kapital bazarına nə verəcək?
Qanun layihəsinin əsas məqsədlərindən biri likvid olmayan aktivlərin likvid qiymətli kağızlara çevrilməsi üçün hüquqi və institusional mexanizm yaratmaqdır.
Sekyuritizasiya fəaliyyətinin tənzimlənməsi bazar iştirakçılarına likvidliyin idarə olunması üçün əlavə imkanlar yaradacaq. Eyni zamanda qiymətli kağızlar bazarında maliyyə alətlərinin çeşidinin genişlənməsinə və investorlar üçün yeni investisiya imkanlarının formalaşmasına şərait yaradacağı gözlənilir.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq Milli Məclis tərəfindən üçüncü oxunuşda qəbul edilib.



