Səbinə Əliyeva 7 il müddətinə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilib. Milli Məclisdə keçirilən səsvermədə onun namizədliyini 100 deputat dəstəkləyib, 1 deputat əleyhinə səs verib, 7 nəfər isə bitərəf qalıb.
PostNews xəbər verir ki, bununla bağlı qərar Milli Məclisin bugünkü plenar iclasında qəbul edilib.
Ombudsman vəzifəsinə üç namizədin – Səbinə Əliyeva, Elşanə Vəliyeva və Ceyhun Qaracayevin namizədliyi irəli sürülüb. Səsvermənin nəticələrinə əsasən, ən çox səs toplayan Səbinə Əliyeva 7 il müddətinə bu vəzifəyə seçilib.
Səbinə Əliyeva Milli Məclisdə and içib
Yenidən Ombudsman seçilən Səbinə Əliyeva parlamentdə and içərək vəzifəsini şərəf və ləyaqətlə yerinə yetirəcəyinə, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edəcəyinə, müstəqil və qərəzsiz fəaliyyət göstərəcəyinə söz verib.
O, göstərilən etimada görə Prezident İlham Əliyevə, Milli Məclisin sədrinə və deputatlara təşəkkür edib.
Xatırladaq ki, Səbinə Əliyeva ilk dəfə 29 noyabr 2019-cu ildə Prezidentin təqdim etdiyi üç namizəd arasından Milli Məclis tərəfindən Ombudsman seçilib.
Səbinə Əliyevanın təhsili və əmək fəaliyyəti
Səbinə Yaşar qızı Əliyeva 7 may 1980-ci ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə Bakı şəhəri 8 nömrəli tam orta məktəbi fərqlənmə attestatı ilə bitirib.
1996–2000-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində bakalavr, 2000–2002-ci illərdə isə magistratura təhsili alıb. Hər iki təhsil pilləsini fərqlənmə diplomu ilə başa vurub.
2009–2012-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında beynəlxalq münasibətlər ixtisası üzrə əlavə ali təhsil alıb. 2016-cı ildə əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində beynəlxalq hüquq normalarının Azərbaycan qanunvericiliyinə tətbiqinə dair dissertasiya işini müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi qazanıb.
Əmək fəaliyyətinə 2000-ci ildə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində başlayıb. Müxtəlif vəzifələrdə çalışdıqdan sonra 2015-ci ildə Konstitusiya Məhkəməsi Aparatı rəhbərinin müavini vəzifəsinə təyin olunub. 2016-cı ildə ona üçüncü dərəcəli dövlət müşaviri ixtisas dərəcəsi verilib.
29 noyabr 2019-cu ildə Milli Məclis tərəfindən Ombudsman seçilən Səbinə Əliyeva həmin vaxtdan bu vəzifəni icra edir.
Beynəlxalq fəaliyyəti və təmsil olunduğu qurumlar
Ombudsman kimi Səbinə Əliyevanın əsas fəaliyyət istiqamətlərinə insan və vətəndaş hüquqlarının müdafiəsi, hüquq və azadlıqların pozulması hallarının araşdırılması, dövlət orqanlarının fəaliyyətində insan hüquqlarına riayət olunmasına nəzarət və hüquqi maarifləndirmə daxildir.
Beynəlxalq fəaliyyəti çərçivəsində 2023-cü ildə Asiya Ombudsmanlar Assosiasiyasının vitse-prezidenti seçilib. Həmin il İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının İdarə Heyətinə üzv olub.
O, həmçinin Prezident İlham Əliyevin təsis etdiyi “Yüksəliş” müsabiqəsinin mentorudur və COP29 Təşkilat Komitəsinin üzvü olub.
Ombudsman necə seçilir və hansı tələblər var?
Azərbaycan qanunvericiliyinə əsasən, Ombudsman 7 il müddətinə seçilir və eyni şəxs bu vəzifəyə iki dəfədən artıq seçilə bilməz.
Müvəkkilin səlahiyyət müddətinin başa çatmasına 30 gün qalmış Prezident yeni Ombudsmanın seçilməsi üçün üç şəxsin namizədliyini Milli Məclisə təqdim edir. Parlament 15 gün müddətində yeni Ombudsmanın seçilməsi barədə qərar qəbul edir.
Ombudsman siyasi fəaliyyətlə məşğul ola və hər hansı siyasi partiyanın üzvü ola bilməz. O, həmçinin qeyri-hökumət təşkilatının rəhbərliyində təmsil oluna bilməz. Vəzifəyə seçildikdən sonra beş iş günü ərzində statusuna uyğun olmayan fəaliyyətini dayandırmalıdır.
Ombudsman seçildiyi gün Milli Məclisin iclasında Konstitusiyaya və qanunlara əməl edəcəyinə, səlahiyyətlərini şərəf və ləyaqətlə yerinə yetirəcəyinə, müstəqil və qərəzsiz fəaliyyət göstərəcəyinə dair and içir.
Bu vəzifəyə yaşı 30-dan aşağı olmayan, ali təhsilli, insan hüquqlarının müdafiəsi sahəsində təcrübəsi və yüksək əxlaqi keyfiyyətləri olan Azərbaycan vətəndaşı seçilə bilər.
İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəlik daşıyan, qanunvericilik, icra və məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər Ombudsman seçilə bilməzlər. Məhkəmə tərəfindən fəaliyyət qabiliyyətsizliyi təsdiqlənən, ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxslər də bu vəzifəyə namizəd ola bilməzlər.



