2026-cı ilin III rübünün sonunda Azərbaycanda depo hesablarının sayı 196,7 minə çatıb. Rüb ərzində 1 591 yeni unikal investor qeydə alınıb. Yeni investorların 72%-ni kişilər, 28%-ni isə qadınlar təşkil edib.
PostNews xəbər verir ki, bu barədə Milli Depozit Mərkəzinin (MDM) açıqladığı hesabatda bildirilib.
Depoz hesablarının və investorların sayı artıb
Hesabat dövrünün sonuna depo hesablarının sayı 196,7 min təşkil edib. Bu, II rübün sonu ilə müqayisədə 1 964 hesab və ya təxminən 1% çoxdur.
Ümumi unikal investorların sayı isə 185 148 nəfərə yüksəlib. Əvvəlki rübün sonu ilə müqayisədə investorların sayı 1 590 nəfər artıb.
III rübün sonunda aktiv investorların sayı 26 939 nəfər olub. Onlardan 26 773-ü fiziki, 166-sı isə hüquqi şəxslərdir. II rüblə müqayisədə fiziki investorların sayı 44 nəfər artıb, hüquqi investorların sayı isə 12 nəfər azalıb.
III rübdə 1 591 yeni investor qeydə alınıb
Hesabat dövründə investisiya bazarına yeni qoşulanların sayı 1 591 nəfər təşkil edib. Onlardan 1 584-ü fiziki, 7-si isə hüquqi şəxsdir.
Müqayisə üçün, II rübdə 16 123 fiziki və 12 hüquqi şəxs yeni unikal investor kimi qeydə alınmışdı.
Yeni investorların yaş bölgüsündə 18-36 yaş qrupu üstünlük təşkil edib. Bu kateqoriyada 827 nəfər qeydə alınıb. Digər yaş qrupları üzrə göstəricilər belədir:
- 36-54 yaş: 533 nəfər;
- 54-72 yaş: 186 nəfər;
- 72-90 yaş: 36 nəfər;
- 18 yaşadək: 2 nəfər.
Gender bölgüsünə əsasən, yeni investorların 72%-i kişilər, 28%-i isə qadınlardır.
Aktiv investorların əksəriyyəti 36-54 yaş qrupundadır
Aktiv investorların yaş bölgüsündə ən böyük pay 36-54 yaş qrupuna aiddir. Bu yaş kateqoriyasında 10 037 investor var.
Digər yaş qrupları üzrə aktiv investorların sayı aşağıdakı kimidir:
- 18-36 yaş: 8 979 nəfər;
- 54-72 yaş: 6 609 nəfər;
- 18 yaşadək: 700 nəfər;
- 72-90 yaş: 448 nəfər.
Aktiv investorların gender bölgüsündə kişilərin payı 67%, qadınların payı isə 33% təşkil edib.
Depoz hesabları əsasən məsafədən açılıb
Depoz hesablarının açılma üsullarına görə bölgüsündə məsafədən xidmətlər üstünlük təşkil edib. III rüb ərzində məsafədən 1 587 hesab açılıb. Ənənəvi qaydada açılan hesabların sayı isə 378 olub.
Regional bölgüdə Bakı 1 157 hesabla ilk sırada qərarlaşıb. Digər ərazilər üzrə göstəricilər belədir:
- Sumqayıt: 85 hesab;
- Gəncə: 60 hesab;
- Abşeron rayonu: 47 hesab;
- Lənkəran: 36 hesab;
- Digər regionlar: 741 hesab.
Emitent hesablarının sayı 2 126 olub
MDM-in hesabatına əsasən, 2026-cı ilin III rübünün yekununda emitent hesablarının sayı 2 126, ümumi aktiv investor hesablarının sayı 26 939, ümumi unikal investorların sayı isə 185 148 təşkil edib.
Rüb ərzində bir investorun uçotdan çıxarıldığı, bir depo hesabının isə bağlandığı bildirilib.



