PostNews — Azərbaycan və dünyada baş verən mühüm hadisələri operativ, dəqiq və obyektiv şəkildə təqdim edən xəbər və informasiya portalıdır. İqtisadiyyat, maliyyə, biznes, siyasət, cəmiyyət və digər aktual istiqamətlər üzrə xəbərlər, müsahibələr və analitik materiallar yayımlayır.
ABŞ Enerji İnformasiya Administrasiyası (EIA) 2026–2027-ci illərdə dünyada neft və digər maye karbohidrogenlərin hasilatı ilə bağlı proqnozlarını yeniləyib. Yeni hesablamalara görə, 2026-cı ildə qlobal hasilat sutkada orta hesabla 101,09 milyon barelə düşəcək, 2027-ci ildə isə yenidən yüksələrək 109,55 milyon barelə çatacaq.
PostNews xəbər verir ki, EIA-nın 6 oktyabr 2026-cı ildə açıqladığı Qısamüddətli Enerji Proqnozunda (STEO) qlobal neft bazarında hasilatın azalması, Yaxın Şərqdə tədarük məhdudiyyətləri və yüksək qiymətlərin bazara təsiri diqqət mərkəzindədir.
2026-cı ildə qlobal neft hasilatı 5,2 milyon barel azalacaq
EIA-nın məlumatlarına əsasən, dünyada neft və digər maye karbohidrogenlərin orta gündəlik hasilatı 2025-ci ildəki 106,29 milyon bareldən 2026-cı ildə 101,09 milyon barelə enəcək. Beləliklə, illik müqayisədə azalma sutkada 5,2 milyon barel təşkil edəcək.
2026-cı ildə hasilatın rüblər üzrə dinamikası belə qiymətləndirilir:
| Dövr | Hasilat, mln barel/gün |
|---|---|
| I rüb | 103,66 |
| II rüb | 96,49 |
| III rüb | 101,25 |
| IV rüb – proqnoz | 102,97 |
| 2026-cı il üzrə orta | 101,09 |
Göstəricilər qlobal hasilatda ən kəskin azalmanın ilin ikinci rübündə qeydə alındığını, sonrakı dövrdə isə tədricən bərpa prosesinin başladığını göstərir.
EIA 2027-ci ildə hasilatın güclü bərpasını gözləyir
EIA-nın proqnozuna görə, 2027-ci ildə qlobal neft və digər maye karbohidrogenlərin hasilatı sutkada orta hesabla 109,55 milyon barelə yüksələcək. Bu, 2026-cı ilin göstəricisi ilə müqayisədə təxminən 8,46 milyon barel/gün və ya 8,4% artım deməkdir.
2027-ci ilin I rübündə hasilatın 106,11 milyon barel/gün, II rübdə 109,55 milyon, III rübdə 110,92 milyon, IV rübdə isə 111,55 milyon barel/günə çatacağı gözlənilir.
Beləliklə, EIA-nın hazırkı ssenarisi 2026-cı ildə yaranmış hasilat itkilərinin 2027-ci ildə əhəmiyyətli dərəcədə kompensasiya olunacağını nəzərdə tutur.
“Brent” neftinin qiyməti üçün proqnoz 105 dollara qaldırılıb
Qlobal hasilatdakı dəyişikliklərlə yanaşı, EIA neft qiymətləri üzrə gözləntilərini də yüksəldib. Qurum 2026-cı ilin IV rübündə “Brent” markalı neftin orta spot qiymətinin bir barel üçün 105 dollar olacağını proqnozlaşdırır. Bu göstərici EIA-nın sentyabr proqnozundan 14 dollar yüksəkdir.
Sentyabrda “Brent”in orta spot qiyməti 114 dollar/barel təşkil edib. Bu isə avqust ayı ilə müqayisədə 23 dollar artım deməkdir. EIA qiymət artımını Yaxın Şərqdə neft infrastrukturu və tankerlərə hücumlar, regiondan neft axınlarının məhdudlaşması və qlobal ehtiyatların azalması ilə əlaqələndirir.
Yaxın Şərqdə gündə 4,5 milyon barel hasilatın dayanması gözlənilir
EIA hesab edir ki, Yaxın Şərqdən neft axınları 2026-cı ilin son rübündə də məhdud qalacaq. Qurum həmin dövrdə regionda dayandırılmış neft hasilatının orta hesabla sutkada təxminən 4,5 milyon barel təşkil edəcəyini gözləyir.
Bununla belə, EIA 2027-ci ildə vəziyyətin tədricən normallaşacağını, alternativ ixrac marşrutlarından və gəmidən-gəmiyə neft ötürülməsindən istifadənin artacağını gözləyir. Qurumun proqnozuna görə, “Brent”in orta qiyməti 2027-ci ildə 84 dollar/barel səviyyəsinə enə bilər.

