2025-ci ilin dekabrında istehlak qiymətləri indeksi 2024-cü ilin dekabrına nisbətən 5,2 faiz olub

Mətn Ölçüsü

2025-ci ilin dekabr ayında istehlak qiymətləri indeksi əvvəlki ilin dekabr ayına nisbətən 105,2 faiz, qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 106,4 faiz, qeyri-qida məhsulları üzrə 102,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,7 faiz təşkil edib.

PostNews xəbər verir ki, məlumat Dövlət Statistika Komitəsinə istinadən təqdim olunub. Dekabr ayında indeks əvvəlki aya nisbətən 100,8 faiz, yanvar–dekabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,6 faiz olub.

Qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə dekabr ayında indeks əvvəlki aya nisbətən 101,4 faiz, yanvar–dekabr dövründə isə 106,8 faiz təşkil edib. Bahalaşma əsasən manna və qarabaşaq yarmalarının, mal ətinin, balıq və balıq məhsullarının, südün, xamanın, qatığın, pendirin, kəsmiyin, yumurtanın, almanın, armudun, heyvanın, narın, qozun, fındığın, göyərtinin, xiyarın, pomidorun, balqabağın, şirin bibərin, kartofun, şokolad məmulatlarının, ketçupun, mayonezin, arağın qiymətlərində müşahidə olunub. Ucuzlaşma isə limonun, portağalın, naringinin, bananın, kivinin, ağ kələmin, süfrə çuğundurunun, yerkökünün, sarımsağın qiymətlərində baş verib. Digər qida məhsullarında ciddi dəyişikliklər qeydə alınmayıb.

Qeyri-qida məhsulları üzrə dekabr ayında indeks əvvəlki aya nisbətən 100,2 faiz, yanvar–dekabr dövründə isə 102,5 faiz olub. Dekabr ayında geyimlərin, məişət cihazlarının, zərgərlik məmulatlarının qiymətləri bahalaşıb, taxta, sement, qabların yuyulması üçün vasitələr və təsərrüfat sabunu ucuzlaşıb. Digər məhsullarda ciddi dəyişiklik olmayıb.

Əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə indeks dekabrda əvvəlki aya nisbətən 100,3 faiz, yanvar–dekabr dövründə isə 106,5 faiz təşkil edib. Bahalaşma əsasən hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətləri və istirahət turları üzrə qeydə alınıb. Digər ödənişli xidmətlərdə ciddi dəyişiklik olmayıb.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti