2025-ci ildə AZAL 4,16 milyon sərnişin daşıyıb, Bakı–Naxçıvan reyslərində uçuşlar 6% artıb

Mətn Ölçüsü

2025-ci ildə AZAL aviaşirkəti tərəfindən ümumilikdə 4,16 milyon sərnişin daşınıb. Bakı–Naxçıvan istiqamətində sərnişinlərin sayı isə 735 min nəfər təşkil edib.

PostNews xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, sərnişin dövriyyəsində 2%-lik artım qeydə alınıb. Eyni zamanda, Bakı–Naxçıvan marşrutu üzrə icra olunan uçuşların sayı 6% artaraq 7 min 261 uçuşa çatıb. Bu göstəricilər daxili hava nəqliyyatına tələbatın davamlı şəkildə yüksəldiyini göstərir.

Məlumatda qeyd olunub ki, 2025-ci il Azərbaycanın aviasiya tarixində mühüm strateji mərhələ kimi yadda qalıb. İşğaldan azad edilmiş ərazilərdə inşa olunan üçüncü beynəlxalq aeroport – Laçın Beynəlxalq Hava Limanı istifadəyə verilib.

Bu layihə regionun sosial-iqtisadi inkişafına, eləcə də Azərbaycanın aviasiya xəritəsində Qarabağın mövqeyinin möhkəmlənməsinə mühüm töhfə kimi qiymətləndirilir.

Bildirilib ki, Heydər Əliyev Beynəlxalq Aeroportu 2025-ci ildə növbəti dəfə “Skytrax World Airport Awards” çərçivəsində “Mərkəzi Asiya və MDB-nin ən yaxşı hava limanı” adına layiq görülüb.

Bununla yanaşı:

  • Aeroport “Airport Carbon Accreditation (ACA)” proqramı üzrə 3-cü səviyyə akkreditasiya əldə edib
  • “ACI World” tərəfindən həyata keçirilən “Airport Service Quality (ASQ)” proqramında iştirak etməyə başlayıb
  • “APEX in Safety” təhlükəsizlik qiymətləndirməsindən uğurla keçib

Bu dövrdə “Azəraeronaviqasiya” Hava Hərəkatı İdarəsi (AZANS) də beynəlxalq arenada fəaliyyətini genişləndirib. Qurum:

  • CANSO ANSP Sammiti“Airspace World 2025” tədbirində iştirak edib
  • Böyük Britaniyanın NATS təşkilatı ilə strateji əməkdaşlıq qurub
  • ICAO və digər aparıcı beynəlxalq ANSP-lərlə tərəfdaşlıq əlaqələrini genişləndirib

Eyni zamanda, AZANS “ATM Awards 2024” mükafatı çərçivəsində “Collaboration and Community” nominasiyası üzrə qalib elan olunub.

Beləliklə, 2025-ci ilin nəticələri Azərbaycanın aviasiya sektorunun beynəlxalq inteqrasiya, təhlükəsizlik və strateji liderlik istiqamətində ardıcıl inkişaf etdiyini bir daha təsdiqləyir.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti