2025-ci ildə Azərbaycanda aqrar sığorta ödənişləri 9,2 milyon manata çatıb

Mətn Ölçüsü

Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan sərfəli aqrar sığorta mexanizmindən faydalanan təsərrüfatların sayı və həyata keçirilən zərər ödənişləri artmaqda davam edir.

Aqrar Sığorta Fondundan PostNews-a verilən məlumata görə, 2025-ci il ərzində müxtəlif hadisələr səbəbindən zərərlə üzləşən fermer və təsərrüfatlara ümumilikdə 9,2 milyon manat sığorta ödənişi edilib. Bu məbləğ 2024-cü il ödənişləri ilə müqayisədə 44%, 2023-cü ilə nisbətən isə 2,1 dəfə çoxdur.

Xatırladaq ki, Aqrar Sığorta Fondu 2023-cü ildə 4,4 milyon manat, 2024-cü ildə isə 6,4 milyon manat sığorta ödənişi həyata keçirmişdi.

2025-ci ildə əkin sahələrində baş verən hadisələr üzrə ödənişlər 8,8 milyon manat təşkil edib. Bu, 2024-cü illə müqayisədə 70%, 2023-cü ilə nisbətən isə 2,5 dəfə artıqdır.

Heyvandarlıq təsərrüfatlarında isə 2025-ci ildə baş verən zərərlər üzrə 394 min manat sığorta ödənişi həyata keçirilib.

Aqrar Sığorta Fondu tərəfindən 2025-ci ildə sığortalanan 41 bitki növündən 26-sı üzrə sığorta ödənişi aparılıb.

Ötən il buğda və arpa sahələri üzrə ümumilikdə 5 milyon 175 min manat, pambıq sahələri üzrə isə 958 min manat sığorta ödənişi həyata keçirilib. Bu göstəricilər 2024-cü illə müqayisədə müvafiq olaraq 2 milyon manat (63%)72 min manat (8%) artımı göstərir.

Taxıl bitkiləri və pambıqdan sonra ən çox ödənişlər şaftalı, qarğıdalı, badam, günəbaxan, tütün, alma, armud, üzüm və ərik bitkiləri üzrə həyata keçirilib.

Qeyd olunur ki, Azərbaycanda aqrar sığorta mexanizmi dövlət dəstəyi ilə həyata keçirilir. Fermerlərə dəstək üçün sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir, nəticədə fermerlər cüzi ödənişlə əkin sahələrini sığortalayır.

Hazırda ölkə ərazisində payızlıq taxıl əkinləri və meyvə bağlarının sığortalanması prosesi davam edir. Aqrar Sığorta Fondu fermerləri vaxtında sığortalamağa və dövlət dəstəyindən faydalanmağa çağırır.

Sığortalanma prosesini asanlaşdırmaq üçün fermerlər sığorta ödənişini “AsanPay” sistemi vasitəsilə mobil telefonla edə bilirlər.

Əlavə məlumat və tariflər ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində «Bitkiçilik məhsulları» bölməsində tanış olmaq, sığorta haqqını «Bitkiçilik kalkulyatoru» vasitəsilə hesablamaq mümkündür. Eyni zamanda ASF-nin sosial şəbəkə hesablarını izləmək və 1651 nömrəsi ilə əlaqə saxlamaq tövsiyə olunur.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti