Reklam
Reklam
Reklam

Valeh Ələsgərov: Ələt hava limanının illik yükdaşıma qabiliyyəti 2 milyon tona çatdırıla bilər

Ələt Azad İqtisadi Zonasında yaradılacaq hava limanının tikintisinin 2027-ci ilin ortalarınadək başa çatdırılması planlaşdırılır. İlkin mərhələdə hava limanının illik yükdaşıma qabiliyyəti 500 min ton olacaq, gələcəkdə isə bu göstəricinin 2 milyon tona yaxınlaşdırılması nəzərdə tutulur.

PostNews xəbər verir ki, bunu Ələt Azad İqtisadi Zonasının (ƏAİZ) Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda bildirib.

Onun sözlərinə görə, Ələt Azad İqtisadi Zonasının yaradılmasında əsas məqsəd onu yalnız qonşu ölkələrdə deyil, daha geniş coğrafiyada fəaliyyət göstərən azad iqtisadi zonalarla müqayisədə investorlar üçün cəlbedici məkana çevirməkdir.

Hava limanının tikintisi üçün 750 hektar ərazi ayrılıb

Valeh Ələsgərov qeyd edib ki, ƏAİZ-in əsas üstünlüklərindən biri əlverişli coğrafi mövqeyidir. Zona Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişməsində, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında yerləşir.

Onun sözlərinə görə, yüksək texnologiyalı sənaye sahələrinin inkişafı üçün nəqliyyat infrastrukturuna birbaşa çıxış xüsusi əhəmiyyət daşıyır.

Bu məqsədlə yerli yükdaşıma şirkəti “Silk Way Airlines” ilə ƏAİZ ərazisində hava limanının və onun ətrafında müvafiq logistika infrastrukturunun yaradılması barədə razılıq əldə olunub.

“Bu layihənin həyata keçirilməsi üçün Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumu 750 hektar ərazi ayırıb. Hava limanının tikintisi 2027-ci ilin ortalarından gec olmayaraq başa çatdırılacaq və hava limanı gələn il beynəlxalq yükdaşımalar üçün açıq olacaq”, – deyə V.Ələsgərov bildirib.

Hava limanının yükdaşıma qabiliyyəti 2 milyon tona çatdırıla bilər

İdarə Heyətinin sədri bildirib ki, hava limanının ilkin mərhələdə illik yükdaşıma qabiliyyəti 500 min ton təşkil edəcək.

Gələcək mərhələlərdə isə bu göstəricinin tədricən 2 milyon tona yaxınlaşdırılması nəzərdə tutulur.

Valeh Ələsgərov ƏAİZ-in digər üstünlüklərindən birinin də investorlar üçün daxili və xarici infrastrukturla təmin edilmiş sənaye ərazilərinin yaradılması olduğunu diqqətə çatdırıb.

Paylaş: