2025-ci il ərzində prokurorluq orqanları tərəfindən 700, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 11,934 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilmişdir.
Məlumata görə, ibtidai istintaqı tamamlanmış cinayət işləri və bəraətverici əsaslar olmadan rədd edilmiş materiallar üzrə ümumilikdə 435,191 milyon manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 59,5%-i, yəni 259,095 milyon manat hissəsinin ödənilməsinə nail olunub.
PostNews xəbər verir ki, bu barədə məlumat Baş Prokurorluqda 2025-ci ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə dair kollegiya iclasında təqdim edilib.
Bildirilib ki, prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri üzrə ümumilikdə 94,817 milyon manat məbləğində maddi ziyan müəyyən olunub və istintaq tədbirləri ilə onun 32,635 milyon manat hissəsinin ödənilməsinə nail olunmuş, 82,4 milyon manatdan artıq məblag əmlak üzərinə həbs qoyulub.
Bundan əlavə, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən icraatına xitam verilmiş cinayət işləri üzrə cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 5,172 milyon manat ödənilmiş, bunun 4,855 milyon manatı prokurorluq orqanlarında istintaqı aparılmış işlərə aid olmuşdur.

