2025-ci ildə Azərbaycanda Real Vaxt Rejimində Hesablaşmalar Sistemi (AZİPS) vasitəsilə aparılmış əməliyyatların ümumi həcmi 99,4 milyard manatı, əməliyyatların sayı isə 304,3 min ədədi ötüb.
PostNews bu barədə Azərbaycanın Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumatlara görə, 2024-cü ilin eyni dövrü ilə müqayisədə AZİPS sistemi üzrə həyata keçirilən əməliyyatların həcmi 20 milyard manat və ya 25,2%, əməliyyatların sayı isə 48,7 min ədəd və ya 19,1% artıb.
Qeyd edək ki, 2024-cü ildə AZİPS vasitəsilə icra olunmuş əməliyyatların ümumi həcmi 79,4 milyard manat, sayı isə 255,6 min ədəd təşkil edib.
Hesabat tarixinə, yəni 31 dekabr 2025-ci il vəziyyətinə görə, Azərbaycanda fəaliyyət göstərən 22 bankın filiallarının sayı 502, şöbələrinin sayı 87, bankomatların sayı isə 3 486 olub.
Eyni zamanda, hesabat ayında bank sektorunda çalışanların sayı 1,4% və ya 369 nəfər artaraq 27,389 nəfərə çatıb. İlin əvvəli ilə müqayisədə bank sektorunda məşğulluq 8% və ya 2,026 nəfər artıb.
2025-ci ilin sonuna olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 57,086 milyard manat təşkil edib. Məlumata əsasən, hesabat dövründə bank sektorunun məcmu öhdəlikləri 49,744 milyard manat, balans kapitalı isə 7,343 milyard manat olub.

