PostNews – 2025-ci il ərzində Energetika Nazirliyi və tabeli qurumlara ümumilikdə 11 850 vətəndaş müraciəti daxil olub. Bu barədə Nazirlikdən məlumat verilib.
Bildirilib ki, daxil olan müraciətlərin 1 798-i məlumat xarakterli olub. Həmin müraciətlər əsasən müraciətin geri götürülməsi və təşəkkür məktublarını əhatə edib. 10 052 müraciət isə icra xarakterli olub.
Nazirliyin məlumatına görə, icra xarakterli müraciətlərin 9 594-ü müvafiq qaydada icra edilib, 458 müraciət üzrə isə icraat hazırda davam edir.
Qeyd olunub ki, vətəndaş müraciətləri əsasən elektrik enerjisi, təbii qaz təchizatı, bərpa olunan enerji, kadr məsələləri, icazələr və digər mövzularla bağlı olub.
Məlumata əsasən, hesabat dövründə Energetika Nazirliyinin Aparatının və tabeli qurumların rəhbər vəzifəli şəxsləri tərəfindən 575 vətəndaş qəbul edilib. Qəbullar zamanı səsləndirilən müraciətlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.

