Azərbaycan “Kəmər və Yol” təşəbbüsü çərçivəsində Avrasiyanın elektrik enerjisi bazarlarını yaşıl enerji dəhlizləri vasitəsilə birləşdirməyi hədəfləyir. Bu dəhlizlərin Mərkəzi Asiya, Xəzər, Cənubi Qafqaz, Türkiyə və Avropanı əhatə etməsi nəzərdə tutulur.
PostNews xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Çinin Çindao şəhərində keçirilən “Kəmər və Yol” təşəbbüsü üzrə energetika nazirlərinin IV konfransında çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, Azərbaycan Çin Xalq Respublikasının Sədri Si Cinpinin irəli sürdüyü “Kəmər və Yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olub.
Çıxışda Prezident İlham Əliyevin təşəbbüs çərçivəsində Azərbaycanın ölkə daxilində və xaricdə yatırdığı sərmayələrin həcminə görə Çindən sonra ikinci yerdə olması ilə bağlı fikri də diqqətə çatdırılıb.
Azərbaycan Çinlə yaşıl enerji əməkdaşlığını genişləndirir
Pərviz Şahbazov bildirib ki, Azərbaycan və Çin arasında münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi enerji sahəsində əməkdaşlığın genişlənməsinə şərait yaradır.
Nazirin sözlərinə görə, Çin şirkətləri ilə quruda günəş və dənizdə külək enerjisi, enerji saxlancı və elektrik şəbəkəsi infrastrukturu üzrə çoxsaylı müqavilələr imzalanıb. Həmçinin “China Energy” şirkəti ilə hərtərəfli strateji tərəfdaşlıq qurulub.
O, bu əməkdaşlığın konkret nəticələri kimi günəş elektrik stansiyasının istifadəyə verilməsini və elektrik şəbəkəsi üzrə tədqiqatın aparılmasını qeyd edib.
Yaşıl enerji dəhlizləri Çinlə enerji tərəfdaşlığına yeni imkanlar açır
Energetika naziri bildirib ki, Azərbaycanın “Kəmər və Yol” təşəbbüsünə yeni töhfəsi Avrasiyanın elektrik enerjisi bazarlarını yaşıl enerji dəhlizləri vasitəsilə birləşdirməkdir.
Bu dəhlizlərin yaradılması istiqamətində Çin şirkətləri ilə əməkdaşlıq imkanları da diqqətə çatdırılıb. Qeyd olunub ki, Mərkəzi Asiya, Xəzər, Cənubi Qafqaz, Türkiyə və Avropanı əhatə edəcək enerji bağlantıları müasir İpək Yolu boyunca yaşıl enerji qurşağının formalaşmasına imkan yarada bilər.
Nazirin fikrincə, bu təşəbbüs Çinlə çoxşaxəli enerji tərəfdaşlığının inkişafı üçün də yeni imkanlar açır.
Enerji təhlükəsizliyi və təmiz enerji texnologiyaları müzakirə olunub
Çıxış zamanı Birgə Nazirlər Bəyanatında əks olunan əsas istiqamətlərə də toxunulub.
Bunlara enerji təhlükəsizliyi ilə enerji keçidinin paralel şəkildə irəlilədilməsi, transsərhəd infrastruktur layihələrinə investisiyaların artırılması və təmiz enerji texnologiyalarına çıxışın genişləndirilməsi daxildir.
Həmçinin Orta Dəhlizin Çinlə Avropa arasında nəqliyyat əlaqələrini gücləndirdiyi, Zəngəzur dəhlizinin isə Şərqlə Qərb arasında yeni marşrut açacağı vurğulanıb.



