Orta Dəhlizin gələcək inkişafı üçün ölkələr arasında dövlət qurumlarının əməkdaşlığının gücləndirilməsi, Xəzər dənizi üzərindən daşımaların təşkili, sərhəd prosedurlarının sadələşdirilməsi və sənəd dövriyyəsinin rəqəmsallaşdırılması vacibdir.
PostNews xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədrinin müşaviri Emil Məmmədov Bakıda keçirilən 2026-cı il Ümumdünya Dayanıqlı Nəqliyyat Gününə həsr olunmuş forumda bildirib.
Onun sözlərinə görə, ADY son bir neçə ildə Orta Dəhlizin inkişafına xüsusi diqqət yetirir. Qurum marşrutun inkişafında, yükdaşımaların həcminin artırılmasında və regional tərəfdaşlarla etimad münasibətlərinin möhkəmləndirilməsində iştirak edən əsas dövlət qurumlarından biridir.
Orta Dəhlizdə əsas məhdudiyyət dəmir yolu infrastrukturu deyil
Emil Məmmədov bildirib ki, dəmir yolu nəqliyyatı ekoloji baxımdan ən əlverişli nəqliyyat növlərindən biridir. Onun fikrincə, Orta Dəhlizin hazırkı inkişaf səviyyəsi və şərq-qərb istiqamətlərində yük axınlarının həcmi nəzərə alınarsa, dəmir yolu infrastrukturunun buraxılış qabiliyyəti artıq marşrutun əsas məhdudlaşdırıcı amili deyil.
ADY rəsmisi qeyd edib ki, Orta Dəhlizin dayanıqlılığının təmin edilməsi üçün müxtəlif ölkələrin dövlət qurumları arasında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi, Xəzər dənizi vasitəsilə daşımaların səmərəli təşkili və sərhədkeçmə prosedurlarının yaxşılaşdırılması vacibdir.
O, həmçinin marşrutun müxtəlif sahələrində vaqonların gözləməsi ilə bağlı problemlərin həllinin zəruriliyini vurğulayıb.
Orta Dəhlizdə sənəd dövriyyəsinin rəqəmsallaşdırılması vacibdir
Emil Məmmədovun sözlərinə görə, vaqonların gözləməsi ilə bağlı problemlər yalnız daşımaların təşkili ilə deyil, həm də sənəd dövriyyəsi və məlumat mübadiləsinin rəqəmsallaşdırılması ilə əlaqədardır.
O bildirib ki, ADY son üç-dörd il ərzində bu istiqamətlərdə fəal iş aparır.
Qurumun sədrinin müşaviri qeyd edib ki, Orta Dəhliz iştirakçılarının görüşləri mövcud problemlərin müzakirəsinə və marşrutun buraxılış qabiliyyətinin artırılması üçün zəruri tədbirlərin birgə müəyyənləşdirilməsinə imkan yaradır.
Qarşıdakı iki ildə əsas diqqət hansı məsələlərə yönələcək?
Emil Məmmədov hesab edir ki, qarşıdakı bir-iki ildə Orta Dəhliz iştirakçılarının əsas diqqəti məhz bu problemlərin həllinə yönələcək.
Onun fikrincə, görüləcək işlər marşrutun inkişafını yeni mərhələyə çıxarmağa, onun dayanıqlılığını, etibarlılığını və proqnozlaşdırıla bilməsini artırmağa imkan verəcək.



