Reklam
Reklam
Reklam

Ələt Azad İqtisadi Zonası investorlara hansı imkanları təklif edir? – Ziya Ağayev

Ələt Azad İqtisadi Zonası (AFEZ) investorlara istehsala hazır infrastruktur, sadələşdirilmiş ticarət prosedurları, müddət məhdudiyyəti olmadan malların saxlanılması və vergi-gömrük güzəştləri təklif edir.

PostNews xəbər verir ki, bunu “Alat Trade Facilitation Services” (ATFS) şirkətinin baş direktoru Ziya Ağayev Bakıda keçirilən 2026-cı il Ümumdünya Dayanıqlı Nəqliyyat Gününə həsr olunmuş forumda bildirib.

Onun sözlərinə görə, AFEZ-in coğrafi mövqeyi Asiya ilə Avropanı birləşdirən dəmir yolu və avtomobil nəqliyyatı infrastrukturuna, həmçinin Orta Dəhliz və Şimal-Cənub marşrutlarına çıxış imkanı yaradır.

AFEZ-də hava limanı və yük kompleksi yaradılır

Ziya Ağayev bildirib ki, 750 hektar ərazidə hava limanı tikilir. Bu obyekt yalnız aviasiya infrastrukturu kimi deyil, həm də yük kompleksi kimi fəaliyyət göstərəcək.

Onun sözlərinə görə, zonada fəaliyyət göstərən şirkətlər elektron ticarətlə məşğul ola, sadələşdirilmiş prosedurlardan istifadə etməklə multimodal daşımalar həyata keçirə biləcəklər.

İnvestorlar mallarını müddət məhdudiyyəti olmadan saxlamaq imkanına da malik olacaqlar. Bildirilib ki, bu imkan Kioto Konvensiyasının beynəlxalq müddəalarında və azad iqtisadi zonaların fəaliyyətini tənzimləyən qanunvericilikdə nəzərdə tutulub.

İnvestorlara istehsala hazır sahələr təklif olunur

ATFS rəhbərinin sözlərinə görə, investorlara zəruri mühəndis-kommunikasiya xətləri ilə təmin edilmiş, istehsal fəaliyyəti üçün hazır sahələr təqdim olunur.

Bu imkan şirkətlərə layihələrin icrasına ölkənin əsas iqtisadi zonasında nəzərdə tutulan əlavə prosedurlardan keçmədən başlamağa şərait yaradır.

Ziya Ağayev həmçinin ticarət əməliyyatlarının “bir pəncərə” prinsipi əsasında həyata keçirilməsində ATFS-in rolundan danışıb.

Onun sözlərinə görə, şirkətlər ixrac, idxal və digər ticarət əməliyyatları zamanı zəruri sənədləri əldə etmək üçün vahid quruma müraciət edə bilərlər.

ATFS malların mənşə sertifikatlarını müstəqil şəkildə vermək üçün qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərə malikdir. Bu isə investorların həmin sənədi əldə etmək üçün başqa qurumlara müraciət etməsinə ehtiyacı aradan qaldırır.

AFEZ-də vergi və gömrük rüsumları tətbiq edilmir

Ziya Ağayev qeyd edib ki, Ələt Azad İqtisadi Zonasında vergi və gömrük rüsumları tətbiq edilmir. Bu yanaşma investorların müvafiq xərclərini azaltmağa imkan verir.

Onun sözlərinə görə, zonanın normativ-hüquqi bazası hazırlanarkən İrlandiyanın azad iqtisadi zona modeli əsas götürülüb. Qanunvericilik və inzibati prosedurlar şirkətlərin əməliyyat fəaliyyətini sadələşdirmək məqsədilə formalaşdırılıb.

ATFS rəhbəri bildirib ki, zonada ənənəvi gömrük rəsmiləşdirilməsi prosedurları, demək olar ki, tətbiq edilmir. Bununla yanaşı, gömrük nəzarətinin və malların hərəkətinin səmərəliliyinin qiymətləndirilməsi üçün Ümumdünya Gömrük Təşkilatının əsas fəaliyyət göstəricilərindən istifadə olunur.

Bu göstəricilər arasında malların buraxılış müddətinin öyrənilməsi (Time Release Study) metodologiyası da yer alır.

Paylaş: