Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” “Cənub Qaz Dəhlizi” QSC-nin 2026–2029-cu illərdə müsbət sərbəst pul axını formalaşdıracağını proqnozlaşdırır.
PostNews xəbər verir ki, agentliyin qiymətləndirməsinə əsasən, 2026-cı il oktyabrın sonuna “Cənub Qaz Dəhlizi”nin pul vəsaitləri və depozitlərinin həcmi 3,4 milyard ABŞ dolları təşkil edib.
“Fitch Ratings”in materiallarında bildirilir ki, 2026–2029-cu illərdə şirkətin borc ödənişləri əsasən bank kreditləri üzrə illik orta hesabla 120 milyon dollar səviyyəsində olacaq.
Agentliyin gözləntisinə görə, “Cənub Qaz Dəhlizi” qeyd olunan dövrdə dividend ödənişləri nəzərə alınmadan müsbət sərbəst pul axını yaradacaq.
“Cənub Qaz Dəhlizi”nin borc öhdəlikləri 1,4 milyard dollardır
“Fitch Ratings” qeyd edib ki, 2026-cı ilin martında avrobondların ödənilməsindən sonra “Cənub Qaz Dəhlizi”nin borc öhdəlikləri inkişaf banklarından alınmış kreditlərdən ibarətdir.
Bu kreditlərin qaytarılma müddəti 2032–2046-cı illəri əhatə edir. Agentliyin məlumatına görə, kreditlərin ümumi həcmi təxminən 1,4 milyard dollar təşkil edir.
Borc portfelinə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB), Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) və Asiya İnkişaf Bankı (AİB) tərəfindən ayrılmış vəsaitlər daxildir.
Agentliyin proqnozları şirkətin yaxın illərdə borc ödənişlərinin idarəolunan səviyyədə qalacağı və dividend ödənişləri nəzərə alınmadan müsbət sərbəst pul axını formalaşdıracağı gözləntisinə əsaslanır.



