Reklam
Reklam
Reklam

Bahadur Rzayev: Azərbaycanda qarşıdakı 5 ildə həkimlərin əməkhaqqı və iş şəraiti yaxşılaşdırılacaq

Azərbaycanda qarşıdakı beş il ərzində həkimlərin maddi rifahının yüksəldilməsi, əmək şəraitinin yaxşılaşdırılması və hüquqi müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.

PostNews xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru vəzifəsini müvəqqəti icra edən, icraçı direktorun müavini Bahadur Rzayev “Səhiyyə Menecmenti Forumu 2026”da çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, 72 min tibb işçisini əhatə edən islahat paketi çərçivəsində həkimlərin, eləcə də orta və kiçik tibb heyətinin əməkhaqlarında ciddi artımlar təmin edilib. Bununla yanaşı, əməkhaqqı artımları iqtisadi və klinik faydalarla, həmçinin işin effektivliyinin yüksəldilməsi ilə müşayiət olunmalıdır.

İlkin səhiyyə xidmətlərinin inkişafı prioritetdir

Bahadur Rzayev bildirib ki, ilkin səhiyyə xidmətlərinin inkişaf etdirilməsi strateji hədəflərdən biridir. Bu istiqamətdə çalışan tibb işçilərinin maddi rifahının yüksəldilməsi də islahatların mühüm tərkib hissəsidir.

O qeyd edib ki, əməkhaqqı islahatları hazırlanarkən regionlarda həkim çatışmazlığı, eləcə də həkimlərin və yeni rezidentlərin bəzi ixtisaslara marağının aşağı olması nəzərə alınıb. İslahat paketi həmin problemlərin aradan qaldırılmasına yönəlmiş təşviq mexanizmlərini də əhatə edib.

Həkimlərin iş şəraiti və hüquqi müdafiəsi gücləndiriləcək

TƏBİB rəsmisi əməkhaqqı artımları ilə yanaşı, həkimlərin çalışdığı mühitin yaxşılaşdırılmasının vacibliyini vurğulayıb.

“ Həkim olmaq çox böyük fədakarlıq deməkdir. Hər bir vətəndaş həkimlərimizin cəmiyyətdə nə qədər dəyərli olduğunu anlamalıdır”, – deyə Bahadur Rzayev bildirib.

O, həmçinin həkimlərin hüquqi müdafiəsi məsələsinə toxunaraq bu sahədə qanunvericilikdə müəyyən boşluqların olduğunu qeyd edib. Onun sözlərinə görə, artıq müvafiq qanun layihələri üzərində işə başlanılıb.

Bahadur Rzayev həkimlərin hüquqlarının qorunması üçün sığorta mexanizmlərinin nəzərdə tutulmasının da vacibliyini diqqətə çatdırıb.

TƏBİB rəsmisinin fikrincə, səhiyyə sisteminin əsas resursu olan həkimlərin maddi rifahının, iş şəraitinin və cəmiyyətdəki mövqeyinin gücləndirilməsi kompleks yanaşma tələb edir.

Qeyd edək ki, “Səhiyyə Menecmenti Forumu 2026” noyabrın 26-da Bakıda keçirilib. “İdarəetmənin Anatomiyası” mövzusuna həsr olunan tədbirdə 500-dən çox peşəkar iştirakçı və 30-dan artıq yerli və beynəlxalq spiker bir araya gəlib.

Tədbirin media tərəfdaşları sırasında yer alan PostNews xəbər portalı forumun informasiya dəstəyini həyata keçirib.

Paylaş: