Bakıda səhiyyə və xəstəxana idarəetməsi sahəsində ilk ixtisaslaşmış tədbir olan “Səhiyyə Menecmenti Forumu 2026” işə başlayıb. “İdarəetmənin Anatomiyası” mövzusuna həsr olunan forumda 500-dən çox peşəkar iştirakçı və 30-dan artıq yerli və beynəlxalq spiker səhiyyə sektorunun aktual məsələlərini müzakirə edib.
PostNews xəbər verir ki, noyabrın 26-da “The Ritz-Carlton, Baku” hotelində keçirilən tədbir Facemark və From Science to Health şirkətlərinin birgə təşkilatçılığı, TƏBİB-in strateji tərəfdaşlığı ilə baş tutub.
Forumda səhiyyə sistemində müasir idarəetmə modelləri, strateji liderlik, maliyyə dayanıqlılığı, rəqəmsal transformasiya, süni intellekt və tibb işçilərinin peşəkar rifahı kimi mövzular diqqət mərkəzində olub.
Forumda altı əsas panel müzakirəsi keçirilib
Tədbir çərçivəsində səhiyyə sektorunun müxtəlif istiqamətlərini əhatə edən altı tematik panel təşkil olunub.
“From Science to Health” şirkətinin təsisçisi Fəqan Həsənzadənin moderatorluğu ilə keçirilən “Səhiyyədə Liderlik və İdarəetmənin Gələcəyi” panelində Türkiyə Səhiyyə Nazirinin müşaviri professor Haydar Sur, Qarabağ Universiteti Klinikasından doktor Samir Babayev və TƏBİB-dən Bahadur Rzayev çıxış ediblər.
İqtisadiyyat Nazirliyinin nümayəndəsi Türkan Vüsətin moderatorluğu ilə keçirilən “Səhiyyənin Maliyyələşdirilməsi və İqtisadiyyatı” panelində Milli Məclisin Səhiyyə komitəsi sədrinin müavini doktor Rəşad Mahmudov, Türkiyə Səhiyyə Siyasətləri İnstitutunun sədri professor Sedat Bostan, Liv Bona Dea Hospitaldan doktor Cabir Gülmalıyev və TƏBİB-dən Rahim Hüseynov dayanıqlı xəstəxana idarəçiliyini müzakirə ediblər.
“Səhiyyə Sistemində Rəqəmsallaşma və Süni İntellekt” panelində Türkiyə Səhiyyə nazirinin müavini dosent Şuayıp Birincinin məruzəsi dinlənilib. Elnur Məmmədlinin moderatorluğu ilə keçirilən sessiyada professor Taşkın Kılıç, TƏBİB-dən Misirxan Sadıqzadə və Qırğızıstan Səhiyyə Nazirliyindən doktor Ülvi Mirzoyev də iştirak ediblər.
“ Tibb Xidmətlərinin Təşkilində Strateji Xəstəxana İdarəçiliyi” panelində Baku Medical Plaza-dan doktor Fərid Qasımovun moderatorluğu ilə professor Dilaver Tengilimoğlu, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsindən doktor Şahlar Mirqasım və Özəl Tibb Müəssisələri Assosiasiyasından doktor Günel Əliyeva öz təcrübələrini bölüşüblər.
Səhiyyədə qadın rəhbərlərin roluna həsr olunan “Səhiyyədə Xanım Rəhbərlər: Liderlik və Zərif Baxış” panelində doktor Yasmin Rüstəmovanın moderatorluğu ilə ATU-dan professor Məlahət Sultan, MEDİHİT-dən Meri İstiroti, Yeni Klinikadan doktor Zəhra Vəzirova və Referans Seabreeze Hospitaldan doktor Sevda Cəfərova çıxış ediblər.
Forumun digər paneli isə tibb işçilərinin peşəkar rifahı və tükənmişlik probleminə həsr olunub. Modern Hospitaldan doktor Taryel Ömərovun moderatorluğu ilə keçirilən “Həkim və Cəmiyyət: Tükənmişlik və Peşəkar Rifah” sessiyasında doktor Üzeyir Rəhimov, doktor İlhamə Cəfərli, doktor İkram Rüstəmov, professor Fuad Məmmədov və doktor Pərviz Aslanov iştirak ediblər.
Forumda yerli və beynəlxalq ekspertlər çıxış ediblər
Tədbirdə Azərbaycan, Türkiyə və Qırğızıstanın səhiyyə, iqtisadiyyat və təhsil qurumlarını, aparıcı universitetlərini, dövlət və özəl tibb müəssisələrini təmsil edən rəhbərlər və ekspertlər iştirak ediblər.
Forum çərçivəsində MegaSec şirkətinin direktoru Qabil Qasımovun xüsusi çıxışı, eləcə də Hüseyn Hüseynov, doktor Nabil Seyidov, doktor Elnur Vahabov və doktor Sevda Əlizadənin təqdimatları nəzərdə tutulub.
Panellərdən sonra iştirakçılar spikerlərə birbaşa suallar ünvanlamaq imkanı əldə ediblər. Proqramda fərdi çıxışlar, sual-cavab sessiyaları və bədii-musiqili hissə də yer alıb.
Forumun ikinci günü masterklaslara həsr olunacaq
Səhiyyə Menecmenti Forumu noyabrın 27-də masterklas proqramı ilə davam edəcək. “Bilikdən tətbiqə: altı ekspert, altı praktik sessiya” devizi altında keçiriləcək proqram saat 09:00-dan 13:00-dək davam edəcək.
Masterklaslar çərçivəsində aşağıdakı mövzular üzrə praktiki sessiyalar təşkil olunacaq:
- Klinik və inzibati rəhbərlik arasında effektiv əməkdaşlıq modeli – Sevindik Şirinov;
- Rəqəmsallaşma və səhiyyədə texnoloji yeniliklər – doktor Gülşah Ünsal Cəfərova;
- Tibbi turizm və gələcək səhiyyə modelləri – professor Dilaver Tengilimoğlu;
- Səhiyyə menecmentində çevik liderlik və bədən dilindən istifadə – professor Taşkın Kılıç;
- Tibb işçilərinin peşə tükənmişliyi və sosial rifah üçün müasir metodlar – uzman doktor Züleyxa Ziyadova;
- Səhiyyədə idarəetmə sənəti: rəhbər üçün məlumat, qərar və davranış bələdçisi – professor Sedat Bostan.
Forum xəstəxana və klinika rəhbərləri, baş həkimlər, tibb menecerləri, səhiyyə idarəçiləri və sektor üzrə qərarvericilər üçün təcrübə mübadiləsi və peşəkar əməkdaşlıq platforması rolunu oynayır. Tədbir iştirakçılarına rəsmi elektron sertifikat təqdim olunacaq.
Tədbirin media tərəfdaşları sırasında yer alan PostNews xəbər portalı forumun informasiya dəstəyini həyata keçirib.



