Reklam
Reklam
Reklam

Rəşad Mahmudov: Müasir səhiyyədə xəstəxanaların uğuru müalicənin nəticələri ilə ölçülməlidir

Azərbaycanda səhiyyə sisteminin inkişafı tibbi texnologiyaların tətbiqi ilə yanaşı, peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılmasını və müalicə nəticələrinin obyektiv qiymətləndirilməsini də tələb edir.

PostNews xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsi sədrinin müavini, deputat Rəşad Mahmudov noyabrın 26-da keçirilən “Səhiyyə Menecmenti Forumu 2026”da çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, son 35 ildə Azərbaycan səhiyyəsi mühüm inkişaf mərhələlərindən keçib. Əvvəllər vətəndaşların müalicə və mürəkkəb əməliyyatlar üçün xarici ölkələrə üz tutduğu bir sıra tibbi xidmətlər hazırda Azərbaycanda da uğurla həyata keçirilir.

Deputat bildirib ki, tibbi texnologiyaların inkişafı ilə səhiyyə sistemində idarəetmə mədəniyyətinin formalaşması fərqli məsələlərdir. Onun fikrincə, müasir dövrdə xəstəxanaların fəaliyyətini yalnız çarpayıların, qəbul edilən xəstələrin və aparılan əməliyyatların sayı ilə qiymətləndirmək kifayət deyil.

Müasir səhiyyədə əsas meyar müalicənin nəticələridir

Rəşad Mahmudov qeyd edib ki, səhiyyə müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsində əsas diqqət pasiyentlərin aldığı tibbi xidmətin keyfiyyətinə, müalicənin nəticələrinə, ağırlaşmaların səviyyəsinə və insanların həyat keyfiyyətində baş verən dəyişikliklərə yönəldilməlidir.

Deputat ürək cərrahiyyəsi sahəsindən nümunə gətirərək bildirib ki, xəstəxanada il ərzində 600-700, hətta 1000-ə yaxın əməliyyatın aparılması həmin müəssisənin fəaliyyətinin uğurlu olduğunu müəyyən etmək üçün kifayət etmir.

Onun sözlərinə görə, əməliyyatların sayından əlavə, riskə uyğunlaşdırılmış ölüm və ağırlaşma göstəriciləri, eləcə də pasiyentlərin uzunmüddətli sağlamlıq vəziyyəti izlənilməlidir.

R.Mahmudov vurğulayıb ki, müasir səhiyyə menecmentinin əsas mahiyyəti fəaliyyətin say göstəricilərindən nəticəyönümlü qiymətləndirməyə, inzibati idarəetmədən isə peşəkar idarəetmə modelinə keçiddir.

Süni intellekt səhiyyə idarəçiliyində yeni imkanlar yaradır

Deputat çıxışında səhiyyə sistemində süni intellekt texnologiyalarından istifadənin əhəmiyyətinə də toxunub.

O bildirib ki, süni intellektdən çəkinmək əvəzinə, onun imkanlarından düzgün istifadə edilməlidir. R.Mahmudov süni intellekti insanların indiyədək əldə etdiyi biliklərin avtomatlaşdırılmış forması kimi xarakterizə edib.

Xəstəxananın mərkəzində insan dayanmalıdır

Rəşad Mahmudov xəstəxanaların yalnız binalardan və tibbi avadanlıqlardan ibarət olmadığını diqqətə çatdırıb. Onun sözlərinə görə, xəstəxana vahid sistemdir və bu sistemin mərkəzində həm tibbi xidmət alan pasiyent, həm də həmin xidməti göstərən həkim dayanır.

Qeyd edək ki, noyabrın 26-da Bakıda keçirilən “Səhiyyə Menecmenti Forumu 2026” səhiyyə və xəstəxana idarəçiliyi sahəsində aktual məsələlərin müzakirəsinə həsr olunub. “İdarəetmənin Anatomiyası” mövzusunda təşkil edilən forumda 500-dən çox peşəkar iştirakçı və 30-dan artıq yerli və beynəlxalq spiker iştirak edib.

Tədbirin media tərəfdaşları sırasında yer alan PostNews xəbər portalı forumun informasiya dəstəyini həyata keçirib.

Paylaş: