Gəncə və Göygölün turizm imkanları təşviq olunur
Azərbaycan Turizm Bürosu Gəncə və Göygölün turizm potensialının tanıdılması və regiona yeni səyahət təkliflərinin hazırlanması məqsədilə yerli turizm sənayesinin nümayəndələri üçün tanışlıq səfəri təşkil edib.
PostNews xəbər verir ki, noyabrın 24-25-də keçirilən səfərdə turizm sənayesinin 50 nümayəndəsi iştirak edib.
Səfərin əsas məqsədi regionun mövcud turizm məhsullarını qiymətləndirmək, yeni səyahət təklifləri hazırlamaq və Gəncə-Göygöl istiqamətinin daxili turizm bazarında təşviqi imkanlarını araşdırmaq olub.
Turizm nümayəndələri bölgənin imkanları ilə tanış olublar
İki gün davam edən proqram çərçivəsində iştirakçılar Gəncə və Göygölün mədəni-tarixi irsi, təbii turizm resursları və istirahət imkanları ilə tanış olublar. Onlar, həmçinin regionda fəaliyyət göstərən turizm obyektlərinə baş çəkiblər.
Səfər zamanı mövcud turizm məhsullarının müxtəlif səyahətçi qruplarının maraqlarına uyğunlaşdırılması, yeni marşrutların formalaşdırılması və regional turizm təkliflərinin şaxələndirilməsi imkanları nəzərdən keçirilib.
Gəncə-Göygöl istiqamətində yeni turizm təklifləri hazırlanacaq
Təşəbbüs Gəncə və Göygölün turizm potensialından daha geniş istifadə olunmasına, regional turizm məhsullarının daxili bazarda təşviqinə və yerli turizm şirkətlərinin kommersiya təkliflərinin genişləndirilməsinə yönəlib.
Səfərin nəticələrinin regionun turizm imkanlarının daha yaxşı tanıdılmasına və Gəncə-Göygöl istiqamətində yeni səyahət təkliflərinin formalaşdırılmasına töhfə verməsi nəzərdə tutulur.



