Reklam
Reklam
Reklam

MSİM və Harvardın dövlət sektoru rəhbərləri üçün süni intellekt təlim proqramı başa çatıb

Bakıda Harvard Universitetinin professoru Endryu Storinin rəhbərliyi ilə 100-dən çox dövlət qurumu rəhbərinin iştirak etdiyi süni intellekt üzrə beynəlxalq təlim proqramı başa çatıb. Milli Süni İntellekt Mərkəzinin (MSİM) təşəbbüsü və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə keçirilən proqram dövlət idarəçiliyində süni intellekt texnologiyalarının tətbiqi və rəhbər heyətin bu sahədə idarəetmə bacarıqlarının inkişafına yönəlib.

PostNews xəbər verir ki, AZCON Holding şirkətlərindən olan MSİM tərəfindən təşkil edilən “Süni intellekt agentləri dövründə dövlət idarəçiliyində liderlik” (Public Leadership in the Age of Agentic AI) adlı proqram 16–19 noyabr 2026-cı il tarixlərində iki qrup üzrə keçirilib.

Təlimlərdə müxtəlif nazirlik və dövlət qurumlarının rəhbər heyətindən 100-dən çox nümayəndə iştirak edib.

Təlimlər Süni İntellekt Strategiyasının icrası çərçivəsində keçirilib

Proqram Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 mart 2025-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyasının icrası çərçivəsində həyata keçirilib.

Təlimlər Strategiyanın Tədbirlər Planının 8.3.1-ci bəndinə uyğun təşkil olunub.

Proqramda əsas diqqət süni intellektin dövlət idarəçiliyində tətbiqi üçün zəruri olan strateji və praktiki idarəetmə bacarıqlarına yönəldilib. İştirakçılar real idarəetmə ssenariləri və praktiki tapşırıqlar əsasında təmsil etdikləri qurumların süni intellektə hazırlığının qiymətləndirilməsi, tətbiq imkanlarının müəyyənləşdirilməsi və müvafiq yol xəritələrinin hazırlanması üzrə yanaşmaları nəzərdən keçiriblər.

Dövlət xidmətlərində süni intellekt agentlərinin tətbiqi müzakirə olunub

Təlimlər çərçivəsində süni intellekt agentləri vasitəsilə iş proseslərinin avtomatlaşdırılması, dövlət xidmətlərinin təkmilləşdirilməsi və texnoloji həllərin effektivliyinin ölçülməsi məsələləri əhatə olunub.

İştirakçılar süni intellekt layihələrinin nəticələrinin və ictimai faydasının qiymətləndirilməsi, eləcə də texnologiyaların təhlükəsiz və məsuliyyətli tətbiqinə dair beynəlxalq təcrübə ilə tanış olublar.

Harvard Universitetinin akademik təcrübəsinə əsaslanan proqram dövlət qurumlarının rəhbər heyətinin texnoloji transformasiyaya liderlik etmək, təşkilati dəyişiklikləri idarə etmək və süni intellekt üzrə qərarları institusional prioritetlərlə əlaqələndirmək bacarıqlarının inkişafına yönəlib.

Proqramın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

MSİM-in növbəti prioritetləri açıqlanıb

MSİM-in növbəti prioriteti dövlət qurumlarında süni intellektin tətbiqinə hazırlığı gücləndirmək və təlim proqramı çərçivəsində əldə olunan biliklərin konkret idarəetmə təşəbbüslərinə çevrilməsini dəstəkləməkdir.

Paylaş: