Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Sumqayıt Dövlət Universitetində mikromobillik üzrə maarifləndirici sessiya təşkil edib. Tədbirdə 50-dən çox tələbə iştirak edib, onlara velosiped və skuterlərdən təhlükəsiz istifadə qaydaları barədə məlumat verilib.
PostNews xəbər verir ki, sessiya AYNA-nın “Universitetlərdə mikromobillik infosessiyaları” layihəsi çərçivəsində keçirilib.
Layihənin əsas məqsədi tələbələr arasında mikromobillik mədəniyyətini formalaşdırmaq, təhlükəsiz hərəkət vərdişlərini gücləndirmək və mövcud nəqliyyat infrastrukturu ilə bağlı fikir mübadiləsi aparmaqdır.
Tələbələr üçün praktiki velosiped təlimi təşkil olunub
Tədbir çərçivəsində layihənin tərəfdaşı APAR şirkəti tərəfindən praktiki velosiped təlimi keçirilib.
Təlimlər tələbələrin velosiped və skuterlərdən daha təhlükəsiz və düzgün istifadə bacarıqlarının artırılmasına yönəlib.
Qeyd edək ki, yaxın vaxtlarda Sumqayıt Dövlət Universitetinin ərazisində velosiped parkinq konstruksiyası da quraşdırılıb.
AYNA-nın həyata keçirdiyi layihə ali təhsil müəssisələrində mikromobillik mədəniyyətinin təşviqinə, tələbələr arasında təhlükəsiz hərəkət vərdişlərinin formalaşdırılmasına və davamlı nəqliyyat modelinin inkişafına xidmət edir.



