Azərbaycan zəngin mineral xammal bazası, sənaye infrastrukturu və əlverişli coğrafi mövqeyi sayəsində kritik minerallar sahəsində regional mərkəzə çevrilmək potensialına malikdir. “AzerGold” QSC ölkədə geoloji kəşfiyyat, filiz yataqlarının işlənməsi və beynəlxalq tərəfdaşlarla birgə layihələr istiqamətində fəaliyyətini genişləndirir.
PostNews xəbər verir ki, bunu “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda bildirib.
Onun sözlərinə görə, kritik minerallar qlobal iqtisadi rəqabətqabiliyyətlilik, sənaye və enerji keçidi baxımından strateji əhəmiyyət daşıyır. Azərbaycanın mineral ehtiyatları, sənaye və enerji infrastrukturu, eləcə də Orta Dəhliz üzərində yerləşməsi bu sahədə ölkəyə mühüm üstünlüklər qazandırır.
Zakir İbrahimov qeyd edib ki, bu imkanlar Azərbaycanın yalnız xammal tədarükçüsü deyil, həm də regionda emal və logistika imkanlarını birləşdirən mərkəzə çevrilməsinə şərait yarada bilər.
Kritik minerallar üzrə Dövlət Proqramı təsdiqlənib
“AzerGold” rəhbərinin sözlərinə görə, ölkənin bu strateji hədəfə çatması üçün ardıcıl tədbirlər həyata keçirilir.
O bildirib ki, 2026-cı ilin sentyabrında mineral xammal, metallurgiya və dağ-mədən sənayelərinin inkişafını əhatə edən 2027–2030-cu illər üzrə Dövlət Proqramı təsdiq edilib.
Milli dağ-mədən şirkəti olaraq “AzerGold” da bu hədəflərin reallaşdırılmasında iştirak edir. Hazırda ölkə ərazisində müasir texnologiyalar və yeni yanaşmalar əsasında genişmiqyaslı geoloji tədqiqat və kəşfiyyat işləri aparılır.
Filizçay və Naxçıvanda mis yataqları üzrə layihələr
Zakir İbrahimov “Filizçay” polimetal yatağının mövcud ehtiyatlarının, xüsusilə mis və sink ehtiyatlarının geniş investisiya imkanları yaratdığını vurğulayıb.
O, Naxçıvan Muxtar Respublikasında da yeni layihənin icrasına başlanıldığını bildirib. Belə ki, Birləşmiş Ərəb Əmirliklərinin şirkəti ilə birgə müəssisə yaradılaraq mis yataqlarının kəşfiyyatı aparılır.
“Daşkəsən” layihəsində İtaliya şirkəti ilə əməkdaşlıq
“AzerGold” rəhbəri Azərbaycan-İtaliya əməkdaşlığının konkret nümunəsi kimi “Daşkəsən” dəmir filizi layihəsini xüsusi qeyd edib.
Onun sözlərinə görə, İtaliyanın “Tenova” şirkəti və “SACE” kimi maliyyə tərəfdaşları ilə əməkdaşlıq müasir texnologiyaların beynəlxalq maliyyə alətləri ilə birləşdirilməsinə imkan yaradır.
Zakir İbrahimov bu tərəfdaşlığın artıq real layihələrə əsaslandığını vurğulayıb.
İtaliya şirkətlərinə istehsal zəncirində əməkdaşlıq təklif olunur
İdarə Heyətinin sədri bildirib ki, Azərbaycan İtaliya şirkətlərinə yalnız mineral yataqlara çıxış imkanları deyil, həm də birgə dəyər yaradılması, emal, texnologiya və məhsulun son mərhələsinədək uzanan istehsal zəncirində iştirak imkanları təklif edir.
Bu yanaşma ölkənin dağ-mədən sənayesində xammal hasilatı ilə yanaşı, emal və əlavə dəyər yaradan istehsal sahələrinin inkişafına yönəlib.



