Reklam
Reklam
Reklam

Dəyanət Sədullayev: İtaliya şirkətləri Azərbaycanda sənaye və enerji avadanlıqları istehsal edə bilər

Azərbaycan İnvestisiya Holdinqi İtaliyanın “Cassa Depositi e Prestiti”, “Valvitalia” və “MINO S.p.A.” şirkətləri ilə sənaye, enerji avadanlıqlarının istehsalı və alüminium emalı sahələrində əməkdaşlıq imkanlarını müzakirə edib. Tərəflər Azərbaycanda istehsalın lokallaşdırılması və yeni investisiya layihələrinin həyata keçirilməsi perspektivlərini nəzərdən keçirirlər.

PostNews xəbər verir ki, bunu Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun vəzifələrini müvəqqəti icra edən Dəyanət Sədullayev Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda bildirib.

Onun sözlərinə görə, Azərbaycan və İtaliya arasında münasibətlər uzun illərdir qarşılıqlı etimad və strateji əməkdaşlıq prinsipləri əsasında inkişaf edir. İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir və iki ölkənin biznes dairələri arasında, xüsusilə enerji sektorunda əməkdaşlıq mühüm nəticələr verib.

D.Sədullayev qeyd edib ki, hazırda əsas hədəflərdən biri əməkdaşlığı yeni sahələrə genişləndirmək, birgə investisiyaları təşviq etmək və uzunmüddətli iqtisadi dəyər yaratmaqdır.

Azərbaycan İnvestisiya Holdinqinin portfelində hansı şirkətlər var?

Dəyanət Sədullayev bildirib ki, Azərbaycan İnvestisiya Holdinqi 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin 1120 nömrəli Sərəncamı əsasında yaradılıb.

Holdinqin əsas məqsədi idarəetməsinə verilmiş dövlət müəssisələrinin fəaliyyət səmərəliliyini artırmaq, korporativ idarəetmə sistemini təkmilləşdirmək və onların uzunmüddətli, dayanıqlı inkişafını təmin etməkdir.

Holdinqin idarəetmə portfelinə SOCAR, ABB ASC, “AzərSığorta” ASC, “AzerGold” QSC, “Təmiz Şəhər” ASC, “Azəralüminium” MMC, “Azərpambıq” ASC və digər müəssisələr daxildir.

D.Sədullayevin sözlərinə görə, Holdinq beynəlxalq tərəfdaşlıqların qurulmasını, xarici investisiyaların cəlb edilməsini və birgə investisiya layihələrinin həyata keçirilməsini fəaliyyətinin mühüm istiqamətlərindən biri hesab edir.

O vurğulayıb ki, məqsəd yalnız maliyyə resurslarının cəlb edilməsi deyil, həm də qabaqcıl texnologiyaların və beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, yerli istehsal imkanlarının genişləndirilməsi və rəqabətqabiliyyətli məhsulların istehsalına şərait yaradılmasıdır.

“Cassa Depositi e Prestiti” ilə sənaye layihələri müzakirə olunur

Dəyanət Sədullayev bildirib ki, son dövrdə Azərbaycan İnvestisiya Holdinqi İtaliyanın aparıcı maliyyə və sənaye qurumları ilə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində konkret addımlar atıb.

Onun sözlərinə görə, İtaliyanın dövlətə məxsus ən böyük investisiya qurumlarından biri olan “Cassa Depositi e Prestiti” ilə aparılan müzakirələrdə Azərbaycanda sənaye sektorunda birgə layihələrin müəyyənləşdirilməsi və maliyyələşdirilməsi imkanları nəzərdən keçirilib.

“Valvitalia” ilə avadanlıq istehsalının lokallaşdırılması müzakirə edilib

İtaliyanın aparıcı sənaye şirkətlərindən olan “Valvitalia” ilə enerji və sənaye avadanlıqlarının istehsalının Azərbaycanda lokallaşdırılması imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Bu əməkdaşlıq çərçivəsində İtaliya texnologiyalarının və istehsal təcrübəsinin Azərbaycana gətirilməsi, yerli sənaye potensialının genişləndirilməsi imkanları diqqət mərkəzində olub.

“MINO S.p.A.” ilə yeni yayma xəttinin qurulması müzakirə edilir

Azərbaycan İnvestisiya Holdinqi İtaliyanın soyuq və isti yayma avadanlıqlarının istehsalı üzrə ixtisaslaşmış “MINO S.p.A.” şirkəti ilə də əməkdaşlıq məsələlərini müzakirə edib.

Müzakirələr mövcud alüminium və soyuq yayma avadanlıqlarının təmiri, eləcə də yeni soyuq yayma xəttinin quraşdırılması imkanlarını əhatə edib.

Dəyanət Sədullayev bildirib ki, əsas prioritetlərdən biri İtaliya texnologiyalarından və istehsal təcrübəsindən istifadə etməklə Azərbaycanda daha yüksək əlavə dəyərə malik məhsulların istehsalını inkişaf etdirməkdir.

Onun fikrincə, bu təşəbbüslər ölkənin sənaye potensialının genişləndirilməsinə, yerli istehsalın inkişafına və Azərbaycan-İtaliya iqtisadi əməkdaşlığının yeni mərhələyə yüksəlməsinə töhfə verə bilər.

Azərbaycan İtaliya investorları ilə əməkdaşlığı genişləndirmək istəyir

D.Sədullayev qeyd edib ki, Azərbaycan İnvestisiya Holdinqi İtaliya şirkətləri və institusional investorları ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır.

Xüsusilə sənaye istehsalı, enerji, logistika, texnologiya və digər perspektivli sahələrdə birgə investisiya imkanlarının araşdırılması nəzərdə tutulur.

O bildirib ki, Azərbaycanın iqtisadi potensialı ilə İtaliyanın sənaye və texnoloji imkanlarının birləşdirilməsi yeni inkişaf perspektivləri yarada bilər. Holdinqin məqsədi mövcud dialoqu konkret layihələrə çevirmək, qarşılıqlı investisiyaları artırmaq və iki ölkə arasında iqtisadi tərəfdaşlığı möhkəmləndirməkdir.

Paylaş: