Reklam
Reklam
Reklam

Vyanada Xalq artisti Faiq Sücəddinovun yaradıcılıq gecəsi keçirilib

Avstriyanın paytaxtı Vyanada Azərbaycanın Xalq artisti, bəstəkar Faiq Sücəddinovun yaradıcılığına həsr olunmuş musiqili görüş təşkil edilib. Tədbirdə bəstəkarın sənət yolu, əsərlərinin yaranma tarixçəsi və Azərbaycan musiqi mədəniyyətinə töhfələri barədə danışılıb.

PostNews xəbər verir ki, noyabrın 4-də Avstriyadakı Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbir Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə təşkil olunub.

Avstriyada yaşayan Azərbaycan icmasının nümayəndələrinin iştirak etdiyi yaradıcılıq gecəsi səmimi və mehriban atmosferdə baş tutub.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova qonaqları salamlayaraq Faiq Sücəddinovun Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərindən və zəngin yaradıcılığından bəhs edib.

O, bəstəkarın əsərlərinin Azərbaycan musiqi irsində özünəməxsus yer tutduğunu vurğulayıb və tədbirin təşkilinə göstərilən dəstəyə görə Azərbaycan Diasporuna Dəstək Fonduna təşəkkür edib.

Zəfər Günü və milli-mədəni irsə diqqət

Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev çıxışında Avstriyada yaşayan soydaşlarımızı 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib.

O, bu tarixi günün Azərbaycan xalqı üçün xüsusi əhəmiyyətini vurğulayaraq xaricdə yaşayan azərbaycanlıların milli-mədəni irslə bağlılığının qorunmasında belə tədbirlərin roluna diqqət çəkib.

Əkrəm Abdullayev, həmçinin diaspor icmaları arasında milli birlik və həmrəyliyin gücləndirilməsinin vacibliyini qeyd edib.

Faiq Sücəddinov sevilən əsərlərinin yaranma tarixçəsini bölüşüb

Yaradıcılıq gecəsinin davamında Faiq Sücəddinov sənət yolundan, həyat və yaradıcılığının maraqlı məqamlarından, müxtəlif dövrlərə aid xatirələrindən danışıb.

Bəstəkar sevilən əsərlərinin yaranma tarixçələrini iştirakçılarla bölüşüb və onların bir neçəsini şəxsən ifa edib.

Musiqili görüşdə Faiq Sücəddinovun əsərləri Fatimə Cəfərzadənin ifasında, Aqşın Tariyeloğlu və Əhəd Nəbiyevin müşayiəti ilə səsləndirilib. İfaçılar bəstəkarla birlikdə çıxış edərək tədbirə xüsusi musiqi ab-havası qatıblar.

Səmimi söhbətlər və canlı musiqi ifaları ilə yadda qalan yaradıcılıq gecəsi Avstriyada yaşayan azərbaycanlılara görkəmli bəstəkarla yaxından ünsiyyət qurmaq və onun zəngin yaradıcılığı ilə daha dərindən tanış olmaq imkanı yaradıb.

Paylaş: