Reklam
Reklam
Reklam

Süni intellekt əmək bazarını dəyişir: Azərbaycanda 10 ayın məşğulluq göstəricisi açıqlanıb

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda 164 mindən çox şəxs işlə təmin edilib. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev əmək bazarında süni intellekt və rəqəmsal texnologiyaların təsirinin artdığını, işçilərin yeni bacarıqlara yiyələnməsinin vacibliyini vurğulayıb.

PostNews xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Milli Məşğulluq Forumunda çıxışı zamanı bildirib.

Nazir müavini qeyd edib ki, əmək bazarında dəyişikliklərin miqyası və sürəti artıq gündəlik həyatda da hiss olunur.

Onun sözlərinə görə, süni intellekt iş proseslərini yeniləyir, rəqəmsal həllər yeni fəaliyyət sahələri yaradır, ənənəvi peşələr isə fərqli bacarıqlarla zənginləşir.

“Bu proses hər bir ölkə qarşısında insan kapitalını iqtisadiyyatın dəyişən tələblərinə uyğun inkişaf etdirmək vəzifələrini qoyur. Bu gün sahib olduğumuz biliklərə yenilərini əlavə etmək və peşəkar inkişafı davam etdirmək həm işçilərin, həm də işəgötürənlərin gündəlik ehtiyacına çevrilir”, – deyə Rəşad Mustafayev bildirib.

2030-cu ilədək işçilərin bacarıqlarının 39 faizi dəyişə bilər

Nazir müavini Dünya İqtisadi Forumunun proqnozuna da diqqət çəkib. Onun sözlərinə görə, həmin proqnoza əsasən, 2030-cu ilədək işçilərin mövcud bacarıqlarının orta hesabla 39 faizi dəyişəcək və ya köhnələcək.

“Bu rəqəmlərin verdiyi əsas mesaj aydındır. Gələcəyin əmək bazarını öyrənmək, yenilənmək və dəyişikliklərə uyğunlaşmaq hər bir insan üçün böyük əhəmiyyət daşıyacaq. Dövlətlərin uğuru isə insanların bu prosesə nə dərəcədə hazırlana bilməsindən asılı olacaq”, – deyə o qeyd edib.

Paylaş: