Reklam
Reklam
Reklam

Vüqar Oruc: “Daşınmaz əmlak bazarı kəmiyyət artımından investisiya səmərəliliyi mərhələsinə keçir”

Azərbaycanda daşınmaz əmlak bazarı yalnız mənzil alqı-satqısı ilə məhdudlaşmır, investisiya, tikinti, maliyyə, bank, sığorta və şəhərsalma sektorlarını birləşdirən geniş iqtisadi ekosistemə çevrilir. Bazarda əsas diqqət artıq tikilən binaların və satışların sayından layihələrin keyfiyyətinə, gəlirliliyinə, enerji səmərəliliyinə və idarəetmə standartlarına yönəlir.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) fəxri prezidenti, iqtisadçı ekspert Vüqar Oruc AIREX 2026 beynəlxalq daşınmaz əmlak sərgisi ilə bağlı PostNews-a açıqlamasında bu tendensiyaları şərh edib.

V.Oruc daşınmaz əmlak sektorunun Azərbaycan iqtisadiyyatında strateji əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, bu bazar tikinti fəaliyyəti ilə yanaşı, maliyyə əməliyyatlarına, investisiyaların cəlb edilməsinə, bank və sığorta xidmətlərinə, qiymətləndirmə və şəhərsalma proseslərinə də birbaşa təsir göstərir.

İqtisadçı ekspert AIREX 2026-nın yerli və beynəlxalq şirkətləri, investorları və bazarın peşəkar iştirakçılarını bir araya gətirməsi baxımından əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, sərginin miqyası və dövlət səviyyəsində göstərilən diqqət Azərbaycanın daşınmaz əmlak bazarının inkişafında yeni mərhələnin formalaşdığını nümayiş etdirir.

V.Orucun fikrincə, bazar artıq əvvəlki dövrlərdə üstünlük təşkil edən kəmiyyət artımından keyfiyyət və investisiya səmərəliliyinə əsaslanan mərhələyə keçir:

“Azərbaycanın daşınmaz əmlak bazarı artıq yalnız mənzil alqı-satqısı və yaşayış sahələrinin təminatı ilə məhdudlaşan sektor deyil. Bu bazar investisiyaların cəlb olunması, böyük maliyyə əməliyyatlarının həyata keçirilməsi, tikinti, maliyyə, bank, sığorta, şəhərsalma və qiymətləndirmə xidmətləri ilə birbaşa əlaqəli geniş iqtisadi ekosistemin bir hissəsidir.

Hazırda bazarda kəmiyyət artımından investisiya səmərəliliyi mərhələsinə keçid müşahidə olunur. Əvvəllər əsas diqqət tikilən binaların sayına və satış həcminə yönəlirdisə, indi layihələrin keyfiyyəti, müasir standartlara uyğunluğu, infrastruktura təsiri, effektiv idarəetmə, ekoloji prinsiplər və enerji səmərəliliyi daha böyük əhəmiyyət daşıyır”.

Daşınmaz əmlak bazarında keyfiyyət və müasir şəhərsalma ön plana çıxır

Vüqar Oruc bildirib ki, daşınmaz əmlakın dəyəri yalnız mənzilin yerləşdiyi ərazi və tikilinin fiziki xüsusiyyətləri ilə müəyyənləşmir. Müasir dövrdə yaşayış mühitinin təhlükəsizliyi, nəqliyyat əlçatanlığı, sosial infrastruktur, komfort və enerji səmərəliliyi də əmlakın bazar dəyərinə təsir edən əsas amillər sırasındadır.

Ekspert Bakı şəhərinin Baş Planı – 2040 çərçivəsində həyata keçirilən yenidənqurma və şəhərsalma tədbirlərinin daşınmaz əmlak bazarına təsirini də qeyd edib. Onun sözlərinə görə, istismar müddətini başa vurmuş köhnə binaların yenilənməsi, parkların və yaşıllıq zonalarının yaradılması, abadlıq işlərinin aparılması paytaxtın yaşayış mühitinin keyfiyyətini dəyişir:

“Bu gün daşınmaz əmlakın dəyərinə yalnız onun yerləşdiyi ərazi və sahəsi əsasında yanaşmaq düzgün deyil. Yaşayış mühitinin təhlükəsizliyi, nəqliyyat əlçatanlığı, sosial infrastruktur, müasir komfort tələbləri və binaların idarəetmə keyfiyyəti də mühüm rol oynayır.

Bakı şəhərinin Baş Planı – 2040 çərçivəsində köhnə mənzil fondunun yenilənməsi, yaşıllıq zonalarının və parkların salınması, abadlıq işlərinin aparılması nəzərdə tutulur. Əsas məqsəd şəhərin tarixi və memarlıq xüsusiyyətlərini qorumaqla onu müasir şəhərsalma prinsiplərinə uyğun yenidən qurmaqdır. Bütün bunlar daşınmaz əmlak bazarının inkişafına yeni keyfiyyət göstəriciləri gətirir”.

Daşınmaz əmlakın idarə edilməsi və qiymətləndirmə sektorunda yeniliklər

AQC sədri daşınmaz əmlak bazarının peşəkarlaşmasının vacibliyinə də toxunub. O bildirib ki, ötən ildən etibarən ali təhsil müəssisələrində daşınmaz əmlakın idarə edilməsi ixtisası üzrə fənlərin tədrisi ilə bağlı qərar qəbul edilib.

V.Orucun sözlərinə görə, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin təşəbbüsləri əsasında qiymətləndirmə sektorunun yenidən qurulması, institusional dəyişikliklərin aparılması və yeni qanunvericilik bazasının formalaşdırılması istiqamətində də addımlar atılıb.

Ekspert hesab edir ki, növbəti mərhələdə daşınmaz əmlak brokerlərinin və digər bazar iştirakçılarının peşəkarlıq səviyyəsinin artırılması, şəffaflığın və hesabatlılığın gücləndirilməsi əsas prioritetlərdən olmalıdır:

“Daşınmaz əmlak bazarının inkişafı peşəkar kadrların hazırlanmasını və xidmət keyfiyyətinin yüksəldilməsini tələb edir. Biz Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti olaraq daşınmaz əmlak mütəxəssislərinin, brokerlərin maarifləndirilməsi, onların peşəkar bilik və bacarıqlarının artırılması, bazarda şəffaflığın və hesabatlılığın gücləndirilməsi istiqamətində təşəbbüslər irəli sürmüşük.

Bu məqsədlə müvafiq təlim və kursların təşkilinə də başlamışıq. Hesab edirəm ki, daşınmaz əmlak bazarının genişlənməsi ilə yanaşı, onun peşəkar idarə olunması və beynəlxalq standartlara uyğun fəaliyyət göstərməsi də təmin edilməlidir”.

Kirayə bazarı investisiya istiqaməti kimi genişlənir

İqtisadçı ekspert daşınmaz əmlakın Azərbaycanda yalnız yaşayış sahəsi deyil, həm də gəlir gətirən biznes və investisiya vasitəsinə çevrildiyini vurğulayıb.

Onun sözlərinə görə, xüsusilə pandemiyadan sonra dünyada passiv gəlir mənbələrinə, o cümlədən daşınmaz əmlaka investisiya marağı artıb. Azərbaycanda da on minlərlə vətəndaş kirayə biznesindən gəlir əldə edir.

V.Oruc kirayə gəlirlərinin vergiyə cəlb olunması qaydalarına edilən dəyişiklikləri də diqqətə çatdırıb. O bildirib ki, əvvəlki 14 faizlik vergi dərəcəsinin 10 faizə endirilməsi bu istiqamətdə atılmış addımlardandır. Bununla yanaşı, AQC tərəfindən vergi yükünün daha da azaldılması ilə bağlı təkliflər irəli sürülüb:

“Daşınmaz əmlak hazırda yalnız yaşayış sahəsi və ya alqı-satqı obyekti deyil, eyni zamanda biznes və investisiya vasitəsidir. Artıq on minlərlə Azərbaycan vətəndaşı kirayə fəaliyyəti hesabına gəlir əldə edir.

Vergi Məcəlləsinə edilən dəyişikliklərlə kirayə gəlirlərindən ödəmə mənbəyində tutulan vergi dərəcəsinin 14 faizdən 10 faizə endirilməsi də mühüm addımdır. Biz hesab edirik ki, bu vergi yükünün daha da azaldılması vətəndaşların kirayə gəlirlərini rəsmiləşdirməsinə, vergi öhdəliklərini könüllü yerinə yetirməsinə müsbət təsir göstərə bilər”.

Brend rezidensiyalar Azərbaycan bazarına nə qazandırır?

Vüqar Oruc AIREX 2026 sərgisində təqdim olunan beynəlxalq brend rezidensiya layihələrinin də Azərbaycan daşınmaz əmlak bazarının inkişafı baxımından əhəmiyyətli olduğunu bildirib.

Onun fikrincə, beynəlxalq brendlərin iştirakı ilə yaradılan yaşayış kompleksləri yerli bazarın qlobal daşınmaz əmlak sektoruna inteqrasiyasını sürətləndirir. Bu layihələr yeni memarlıq və dizayn yanaşmalarının, xidmət standartlarının və idarəetmə modellərinin tətbiqinə şərait yaradır.

Ekspert hesab edir ki, belə layihələrin artması Azərbaycanın beynəlxalq daşınmaz əmlak bazarında tanınmasına, xarici investorların marağının güclənməsinə və yeni investisiya imkanlarının yaranmasına töhfə verə bilər.

O, Azərbaycanın coğrafi mövqeyinin, təbiətinin və turizm potensialının daşınmaz əmlak investisiyaları üçün əlavə üstünlüklər yaratdığını da vurğulayıb.

Qiymətləndirmə institutunun bazardakı rolu artacaq

AQC sədri daşınmaz əmlak bazarında əməliyyatların və investisiya marağının genişlənməsinin peşəkar qiymətləndirmə xidmətlərinə tələbatı artıracağını bildirib.

Onun sözlərinə görə, investisiya qərarlarının düzgün verilməsi üçün əmlakın obyektiv bazar dəyərinin müəyyənləşdirilməsi, risklərin hesablanması və peşəkar ekspertizanın aparılması vacibdir.

V.Oruc qiymətləndiricilərin peşəkarlıq səviyyəsinin Avropa standartlarına uyğunlaşdırılmasını və beynəlxalq əməkdaşlığın genişləndirilməsini əsas istiqamətlərdən biri hesab edir:

“Daşınmaz əmlak bazarında əməliyyatların həcmi və investisiya marağı artdıqca obyektiv qiymətləndirməyə, peşəkar ekspertizaya və risklərin düzgün hesablanmasına ehtiyac da genişlənir. Bu prosesdə qiymətləndiricilərin rolu getdikcə daha da artır.

Bizim əsas məqsədlərimizdən biri peşəkar qiymətləndiricilər korpusunun formalaşdırılması, onların bilik və bacarıqlarının Avropa standartlarına uyğunlaşdırılmasıdır. Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti də beynəlxalq əməkdaşlığın genişləndirilməsi və yeni layihələrin həyata keçirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək”.

AIREX 2026 Azərbaycanın investisiya cəlbediciliyini artırır

Vüqar Oruc AIREX 2026-nın yerli və xarici investorlar arasında yeni əlaqələrin qurulması, Azərbaycanın daşınmaz əmlak bazarının beynəlxalq səviyyədə tanıdılması və investisiya imkanlarının təqdim olunması baxımından əhəmiyyətini xüsusi vurğulayıb.

Ekspertin fikrincə, sərginin Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə keçirilməsi dövlət səviyyəsində bu sektora göstərilən diqqətin ifadəsidir.

O hesab edir ki, daşınmaz əmlak bazarının inkişafı yalnız yeni binaların inşası ilə ölçülməməli, müasir şəhər modellərinin yaradılması, regional inkişaf, investisiya səmərəliliyi və yaşayış mühitinin keyfiyyətinin yüksəldilməsi ilə birlikdə qiymətləndirilməlidir.

V.Oruc AIREX 2026-nın Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrinin genişlənməsinə, yeni investorların cəlb edilməsinə və daşınmaz əmlak bazarının peşəkarlaşmasına əlavə təkan verəcəyini gözlədiyini bildirib.

Paylaş: