Vəkilliyə test üsulu ilə qəbul 2004-cü ildən tətbiq olunur və 2004-2018-ci illər ərzində cəmi 5 yazılı test imtahanı keçirilib.
PostNews xəbər verir ki, bu barədə Vəkillər Kollegiyası məlumat yayıb.
Bildirilib ki, son 8 il ərzində yazılı test imtahanlarının sayı 16-ya çatıb. Bu 16 imtahanlarda 6 893 namizəd iştirak edib, onlardan 1 975 nəfər icbari təlim mərhələsini uğurla başa vuraraq and içib və nəticədə ölkədə vəkillərin sayı 3 dəfədən çox artıb.
2025-ci ildə Vəkillərin İxtisas Komissiyası tərəfindən imtahanın şifahi mərhələsi üzrə 34 iclas, vəkilliyə qəbulla bağlı isə 2 yazılı test imtahanı təşkil olunub. 06.07.2025 və 28.11.2025-ci il tarixlərində keçirilən yazılı test imtahanlarında ümumilikdə 823 namizəd iştirak edib, onlardan 420 nəfər müvəffəqiyyət qazanıb. Hesabat ili ərzində 469 nəfər şifahi müsahibədə iştirak edib, 366 nəfər növbəti mərhələyə keçib. Nəticədə 2025-ci ildə 347 nəfər vəkil and içərək Kollegiyanın üzvlüyünə qəbul olunub.
Məlumata görə, 2025-ci ilin sonunda ölkədə vəkillərin ümumi sayı 2 836 nəfərə çatıb. Fəaliyyət göstərən vəkillərdən 2 203 nəfəri (77,68%) kişi, 633 nəfəri (22,32%) qadındır. Onlardan 2 314 nəfəri (81,59%) Bakıda, 522 nəfəri (18,41%) isə ölkənin müxtəlif regionlarında fəaliyyət göstərir. Kollegiyada həmçinin 400-dən artıq vəkil köməkçisi fəaliyyət göstərir.
Bu göstəricilər vəkillik institutunun inkişaf dinamikasının davamlı xarakter daşıdığını təsdiqləyir.

