Çoxfunksiyalı yaşayış və kommersiya komplekslərinin uğurlu idarə olunması üçün gələcək istifadəçilərin ehtiyacları layihələndirmə mərhələsindən nəzərə alınmalıdır. Biznes nümayəndələrinin, sakinlərin, ticarət zonalarının ziyarətçilərinin və hotel istifadəçilərinin fərqli gözləntilərinin uzlaşdırılması əməliyyat idarəetməsinin əsas çağırışlarından biridir.
PostNews xəbər verir ki, “PASHA Property Management” şirkətinin baş direktoru Tural Əliyev AIREX 2026 beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi çərçivəsində bu məsələlərə toxunub.
T.Əliyevin sözlərinə görə, çoxfunksiyalı komplekslərin idarə olunması müxtəlif istifadəçi qruplarının ehtiyaclarının eyni vaxtda qarşılanmasını tələb edir. Çünki hər bir kateqoriyanın prioritetləri və gözləntiləri fərqlidir.
O bildirib ki, biznes nümayəndələri üçün sabitlik və fəaliyyət səmərəliliyi, sakinlər üçün rahatlıq, təhlükəsizlik və şəxsi məkanın qorunması, ticarət zonaları üçün isə əlçatanlıq və davamlı ziyarətçi axını əsas şərtlər hesab olunur.
Şirkət rəhbərinin fikrincə, bütün bu tələblərin vahid idarəetmə modelində uzlaşdırılması kifayət qədər mürəkkəb prosesdir:
“Çoxfunksiyalı komplekslərin idarə olunması zamanı müxtəlif istifadəçi qruplarının ehtiyacları nəzərə alınmalıdır. Buraya biznes nümayəndələri, sakinlər, ticarət zonalarının ziyarətçiləri və hotel sektorunun istifadəçiləri daxildir. Hər bir qrupun öz prioritetləri var. Məsələn, biznes üçün sabitlik və səmərəlilik, sakinlər üçün rahatlıq, təhlükəsizlik və şəxsi məkanın toxunulmazlığı, ticarət zonaları üçün isə əlçatanlıq və davamlı ziyarətçi axını vacibdir. Bütün bu fərqli ehtiyacların eyni kompleksdə qarşılanması ciddi idarəetmə yanaşması tələb edir”.
Əməliyyat idarəetməsi layihələndirmənin ilkin mərhələsindən başlamalıdır
Tural Əliyev çoxfunksiyalı komplekslərin idarə olunmasında ən mühüm məqamlardan birinin əməliyyat idarəetməsi üzrə komandaların layihənin hazırlanmasının ilkin mərhələsindən prosesə cəlb edilməsi olduğunu vurğulayıb.
Onun sözlərinə görə, layihələndirmə və əməliyyat idarəetməsi üzrə məsul komandalar arasında əvvəlcədən əməkdaşlığın qurulması gələcək istismar prosesinin daha səmərəli təşkilinə imkan verir.
Əks halda, kompleks istifadəyə verildikdən sonra üzə çıxan layihələndirmə çatışmazlıqları əlavə maliyyə xərclərinə, müştəri məmnuniyyətinin azalmasına və yeni kapital qoyuluşlarına ehtiyac yarada bilər. Bu problemlər eyni zamanda kompleksdə fəaliyyət göstərən biznes subyektlərinin işinə də mənfi təsir göstərə bilər:
“Əməliyyat idarəetməsi üzrə komandalar layihənin hazırlanmasının ilkin mərhələsindən prosesə cəlb olunmalıdır. Layihələndirməyə cavabdeh bölmələrlə gələcəkdə kompleksin istismarını həyata keçirəcək komandalar arasında əməkdaşlıq qurulması xüsusi əhəmiyyət daşıyır.
Əgər istismar məsələləri layihələndirmə mərhələsində nəzərə alınmırsa, sonradan əlavə xərclər yaranır, müştəri məmnuniyyəti azalır və müəyyən problemlərin aradan qaldırılması üçün əlavə kapital qoyuluşlarına ehtiyac yaranır. Bəzi hallarda bu çatışmazlıqlar kompleksdə fəaliyyət göstərən biznes subyektlərinin işinə də mane olur”.
Hər istifadəçi kateqoriyasının prioritetləri əvvəlcədən müəyyənləşdirilməlidir
Şirkət rəhbəri çoxfunksiyalı komplekslərin planlaşdırılması zamanı hər bir istifadəçi kateqoriyası üzrə ən azı üç əsas prioritetin əvvəlcədən müəyyən edilməsinin vacibliyini də diqqətə çatdırıb.
Onun fikrincə, ticarət zonalarının təşkili zamanı da fərqli müştəri seqmentlərinin xüsusiyyətləri nəzərə alınmalıdır. Belə ki, premium və kütləvi seqmentlərə xidmət göstərən ticarət məkanlarının ehtiyacları və fəaliyyət prinsipləri eyni deyil.
Tural Əliyev əlavə edib ki, kompleksin strateji konsepsiyası hazırlanarkən gələcək müştərilərin rəylərinin öyrənilməsi də vacibdir. Bu proses yalnız obyekt istifadəyə verildikdən sonra deyil, layihənin ilkin planlaşdırılması mərhələsində həyata keçirilməlidir:
“Çoxfunksiyalı məkanın yaradılması ilə bağlı strateji konsepsiya formalaşdırılarkən, yəni kompleksin istismara verilməsinə xeyli vaxt qalmış müştərilərin fikirlərini dinləmək lazımdır. Hər bir istifadəçi kateqoriyasının ən azı üç əsas prioriteti əvvəlcədən müəyyənləşdirilməli, premium və kütləvi seqmentlərə aid ticarət zonalarının fərqli xüsusiyyətləri nəzərə alınmalıdır.
Müştərilərin rəyi yalnız obyekt istifadəyə verildikdən sonra deyil, daha erkən mərhələdə, layihənin hazırlanması və planlaşdırılması prosesində də nəzərə alınmalıdır”.



